Gəncə. 9 iyul.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə ziyalıları şəhər İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyevə qarşı törədilən sui-qəsdi qəti şəkildə pisləyir, mövcud vəziyyətdən öz məkrli istəklərini reallaşdırmaq üçün istifadə edənləri şiddətlə qınayırlar.
Şəhər ziyalıları mətbuata açıqlama verərək qeyd ediblər ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə tuşlanan güllə onun timsalında Azərbaycan xalqına, Gəncə camaatına tuşlanıb: "Bu bir terror aktıdır və günahkarlar qanun qarşısında cavab verməlidirlər. Vətənimizin müstəqilliyinə qarşı təhlükə yaranmasına, stabil həyat tərzinin pozulmasına imkan vermək olmaz".
Son günlər sosial şəbəkələrdə yayılan və ölkədə hökm sürən sabitliyin pozulmasına yönələn çağırışları da qınayan ziyalılar, Gəncə camaatının hər zaman dövlət və dövlətçiliyin keşiyində durduğunu və bu tip provokativ çağırışlara uymayacağını bildiriblər: "Hazırda Gəncədə tam sabitlik hökm sürür və bu şəkildə də davam edəcək".



