“Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub - YENİLƏNİB

“Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub - YENİLƏNİB "Hesab edirəm ki, bu qanun layihəsi müstəqil Azərbaycanda aparılan elm siyasətinin ana xəttini təşkil edəcək”
Daxili siyasət
24 Fevral , 2015 18:07
“Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub - YENİLƏNİB

İlk xəbər 17:51-də dərc edilib.

Bakı. 24 fevral. REPORT.AZ/ Milli Məclisin plenar iclasında “Elm haqqında” qanun layihəsi I oxunuşda geniş müzakirələrə səbəb olub. 

"Report" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti İsa Həbibbəyli çıxışı zamanı qeyd deyib ki, qanuna çoxdan ehtiyac vardı: “Azərbaycan hökumətinin həyata keçirdiyi elm siyasəti qanunvericilik şəklində əksini tapmalı idi. Çünki yeni qanun ölkədə elm siyasətini həyata keçirmək üçün baza rolunu oynayacaq". 

Millət vəkili bildirib ki, qanun layihəsinin hazırlanmasında ən yaxşı hallardan biri də müasir dövrün reallıqlarının nəzərə alınması olub: "Hesab edirəm ki, bu qanun layihəsi müstəqil Azərbaycanda aparılan elm siyasətinin ana xəttini təşkil edəcək”.

Deputat Abel Məhərrəmov çıxışı zamanı vurğulayıb ki, AMEA-da son zamanlar həyata keçirilən islahatlar müsbət qiymətləndirilməlidir. O, həmçinin mövcud qanun layihəsinin lehinə səs verəcəyini deyib.

Deputat Fəzail Ağamalı da belə qanun layihəsinin hazırlanmasına çoxdan ehtiyac duyulduğunu diqqətə çatdırıb: “Əminəm ki, bütün həmkarlarım layihənin I oxunuşda qəbul edilməsinə səs verəcəklər. Çünki qanun layihəsində gənc kadrların elmə cəlb olunması istiqamətində atılan addımlar da xüsusi vurğulanmalıdır". Deputatın sözlərinə görə, cəmiyyətin özü elm sahəsinə maraqlı olmalıdır.

Deputat Siyavuş Novruzov isə deyib ki, ən pis qanun belə qanunsuzluqdan daha yaxşıdır: "Qanun varsa, deməli onun da tələbləri var". 

Hakim partiyanı təmsil edən deputat qanun layihəsinin “Elm və təhsil haqqında” qanun kimi hazırlanmasını təklif edib: "Hər iki qanunun ümumi müddəalarını birləşdirib fərdi qaydada digərlərini də həll etmək olardı”.

***

Müzakirələrdən sonra “Elm haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib. 

Qeyd edək ki, qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək. 

Qanun layihəsi həmçinin vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. 

Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adlar, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb.

Son xəbərlər

Orphus sistemi