Əlimərdan bəy Topçubaşovun Parisdəki şəxsi arxivi: qiymətli sənədlər, tarixi həqiqətlər - ARAŞDIRMA

Əlimərdan bəy Topçubaşovun Parisdəki şəxsi arxivi: qiymətli sənədlər, tarixi həqiqətlər - ARAŞDIRMA Gündəliyi oxuduqca onun nə dərəcədə maraqlı, işgüzar, eyni zamanda dürüst insan olduğu aydınlaşır
Daxili siyasət
18 Oktyabr , 2018 12:14
Əlimərdan bəy Topçubaşovun Parisdəki şəxsi arxivi: qiymətli sənədlər, tarixi həqiqətlər - ARAŞDIRMA
0 : 00
0 : 00

Paris. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan parlamentinin ilk sədri, görkəmli ictimai-siyasi xadim, diplomat Əlimərdan bəy Topçubaşovun şəxsi arxivi Fransanın paytaxtı Paris şəhərindəki Sosial Elmlər üzrə Ali Məktəbin Rus dünyası, Qafqaz üzrə Tədqiqatlar Mərkəzi və Avropa Mərkəzi (CERCEC) kitabxanasının nəzdində saxlanılır.

"Report"un Qərbi Avropa bürosunun əməkdaşı həmin Mərkəzə baş çəkib, sənədlərlə tanış olub və görkəmli ictimai-siyasi xadimin fəaliyyəti ilə bağlı araşdırma aparıb. 

Qubernatora ünvanlanan məktublar

Materialların böyük hissəsi Ə.Topçubaşovun (1863-1934) şəxsi fəaliyyətinə dair arxiv sənədlərindən ibarətdir. Bu sənədlər də XIX əsrin sonlarından 1918-ci illərə qədər olan dövrü əhatə edir. Burada Ə.Topçubaşovun Çar Rusiyasında Birinci Dövlət Dumasının deputatı kimi, həmçinin "Kaspi" qəzeti və digər mətbu orqanların redaktoru işlədiyi dövrlərdəki fəaliyyətini əks etdirən sənədlər toplanıb. 

Onların arasında görkəmli ictimai-siyasi xadimin Tbilisidə yerli özünüidarəetmə orqanlarının yaradılması uğrunda apardığı mübarizəni əks etdirən materiallar xüsusi yer tutur. Məlum olduğu, Ə.Topçubaşov Cənubi Qafqazda da xalqların öz talelərini özləri həll edə bilmələri üçün federal dövlətlərdə olduğu kimi yerli özünüidarəetmə orqanlarının yaradılmasına çalışırdı. Arxivdə onun bu məqsədlə Tiflis quberniyasına ünvanladığı xeyli sayda məktubları qorunub saxlanılır. Ə.Topçubaşovun bu arzusu 1917-ci il fevral inqilabından sonra reallığa çevrilir və Cənubi Qafqazda yeri özünüidarəetməni həyata keçirən idarələr yaradılır.

Arxivdə həmçinin görkəmli ictimai-siyasi xadimin Tiflis gimnaziyasını və Sankt-Peterburqda ali məktəbi bitirməsinə dair diplomları da mövcuddur. 

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

Buradakı sənədlərin bir qismi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gəldiyi tarixdən, yəni 1919-cu ilin may ayından Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Arxivdə nümayəndə heyətinin Fransada digər dövlətlərin rəhbərləri, ictimai-siyasi xadimləri ilə yazışmaları, memorandumlar, notalar, məktublar yer alır. Bu sənədlər rəsmi, ya da yarırəsmi xarakter daşıyır.

Azərbaycanlı və digər millətlərdən olan mühacirlərlə əlaqələr

Əlimərdan bəy Topçubaşov Bolşevik Rusiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulduqdan sonra azərbaycanlı mühacirlərə rəhbərliyi ələ alır və onlar üçün əlaqələndirici rolunu oynamağa çalışır. Arxivdə onun mühacirlər və mühacir təşkilatları ilə çoxsaylı yazışmaları qorunub saxlanılır. Bu sənədlər Azərbaycanın 1920-ci il aprelin 28-də bolşevik Rusiyası tərəfindən işğalından Əlimərdan bəy Topçubaşovun vəfatına qədər, yəni 1934-cü ilin noyabr ayına qədər olan dövrləri əhatə edir. Yazışmalar həm Fransada, həm də Türkiyədə yaşayan azərbaycanlı mühacirlər və digər millətlərdən olan mühacir təşkilatları ilə əlaqələrini əhatə edir. Arxivdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə, ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməmmədov, Qarabağın general-qubernatoru, hərbi nazir Xosrov bəy Sultanov ilə yazışmalar var.  

Prometey hərəkatı

Arxiv sənədlərindən məlum olur ki, Əlimardan bəy Topçubaşov digər millətlərdən olan mühacirlərlə də yaxşı münasibətlər qurmağa nail olmuşdu. Prometey hərəkatının əsas məqsədi rus olmayan xalqlara rusların işğalından azad olmağa və müstəqilliklərini bərpa etməyə yardım göstərmək, bu mübarizədə onların fəaliyyətlərini koordinasiya etmək idi. Bununla bağlı sənədlər arxivdə mühüm yer tutur. Belə ki, Polşanın maliyyələşdirdiyi bu hərəkatın tərkibində Azərbaycan Milli Mərkəzi fəaliyyət göstərirdi və ilk rəhbəri də Əlimardan bəy Topçubaşov olub. 

Əgər Qafqaz xalqları XIX əsrin sonları XX əsrin əvvəllərində özlərini idarə etmək hüququ qazanmaq uğrunda mübarizə aparırdılarsa, Polşa tam müstəqillik əldə etməyə çalışırdı. Beləliklə, uzun mübarizədən sonra Polşa müstəqilliyini qazanmağa nail olmuşdu. Ancaq çox gözəl anlayırdı ki, müstəqilliyini möhkəmləndirmək üçün Rusiyanın əsarətdə saxladığı digər xalqların azadlıq mübarizəsinə dəstək verməlidir. Polşa Rusiya ilə sərhədində yeni bir dövlətin yaranmasında marağlı olduğundan ən çox ukraynalılara dəstək verirdi. Ümumiyyətlə, Polşa bolşeviklərə qarşı mübarizəni davam etdirən mühacirlərə dəstək vermək məqsədilə böyük layihələr həyata keçirirdi. Azərbaycan da varlı respublika olduğundan bu layihələrdə xüsusi yer tuturdu. Belə ki, o zaman rusların neftə olan tələbatının 90 faizini Bakı nefti ödəyirdi.

Bu hərəkata Prometey adının verilməsi simvolik xarakter daşıyırdı. Belə ki, tarixi əfsanəyə görə, insanlara od verməkdə ittiham olunan Prometey bu əməlinə görə Qafqaz dağlarına sürgün edilmişdi. Onu azad etmək uğrunda mübarizə həmin dövrdə Qafqaz xalqlarının azadlığı uğrunda mübarizəyə bənzədilmişdi. Hərəkatın "La defence de Caucasse" adlı jurnalı da nəşr edilirdi.

Arxivdə Qafqazın birləşməsi ideyasının təşəbbüskarı olan Əlimərdan bəy Topçubaşovun bu istiqamətdə apardığı fəaliyyətinə həsr edilmiş çoxlu sayda maraqlı sənədlər toplanıb. O, Qafqaz Konfederasiyasının yaradılmasının təşəbbüskarlarından biri idi. Lakin Qafqazın birləşməsi uğrunda fəaliyyət mütəşəkkil surətdə həyata keçirilmirdi. Məhz bu səbəbdən Qafqaz ölkələri müstəqilliklərini qoruyub saxlaya bilməmişdilər. Buna əngəl yaradanlar isə, əsasən, erməni separatçıları idi. Onlardan fərqli olaraq, Əlimərdan bəy Topçubaşovun bu məsələdə gürcülərlə heç bir problemi yox idi. Hətta Şimali Qafqaz xalqlarından olan mühacirlərlə də yaxşı münasibətlər qurmağa nail olmuşdu.

Fransanı yalnız bir dəfə tərk edib

Türkiyə hökuməti Əlimərdan bəy Topçubaşovun onlar üçün problem yaradacağından ehtiyat edərək onun İstanbula daxil olmasına icazə vermirdi. Arxiv sənədlərindən də bəlli olur ki, Əlimərdan bəy Topçubaşov Fransada mühacir kimi yaşadığı müddətdə ölkəni yalnız bir dəfə tərk edib. Belə ki, o, 1923-cü ildə Lozanna şəhərində keçirilən konfransda iştirak etmək üçün İsveçrəyə gedib. Bundan əlavə, bir neçə ölkəyə səfər etməyi, habelə Polşaya getməyi düşünsə də, planları baş tutmayıb.

Sanki Parisə uzun müddətə gəldiyini hiss etmişdi

Arxivdə Əlimərdan bəy Topçubaşova məxsus və onun Fransaya gəlişindən əvvəlki illərdəki fəaliyyətini əks etdirən sənədlərin çoxluğunu bir neçə amillə izah etmək olar. Sanki sənədlərin çoxluğu ictimai-siyasi xadimin Parisə gəlişi zamanı bu səfərin uzunmüddətli olacağını hiss etdiyi təəssüratını yaradır.

Məlum olduğu kimi, Azərbaycan nümyəndə heyəti Paris Sülh Konfransında iştirak etməyə gəlməsinə baxmayaraq, ölkəni yalnız Fransada deyil, həmçinin bütün Avropa dövlətləri yanında təmsil etməli idi. Onlar bu məqsədlə İsveçrəyə, İngiltərəyə səfərlər etmiş, digər Avropa dövlətlərinin rəsmi şəxsləri ilə əlaqələr yaratmağa nail olmuşdular. Azərbaycan nümayəndə heyəti ölkənin müstəqilliyini tanıtmağa nail olduqdan sonra bu dövlətlərdə nümayəndəliklərimiz yaradılmalı və Əlimərdan bəy Topçubaşov səfir kimi fəaliyyətə başlamalı idi. Onun bu qədər sənədi Parisə gəlişi zamanı özü ilə gətirməsinin əsas səbəbi də məhz bu idi.

Hər halda Azərbaycan nümayəndə heyəti 1919-cu ilin aprel ayınadək Paris Sülh Konfransında ölkəni təmsil edə bilməmələri üçün maneçilik törətməyə çalışan fransızların təkidi ilə İstanbulda saxlanılırlar. Nəhayət, Paris Sülh Konfransında iştirak etmək üçün icazə almağa nail olan Əlimərdan bəy Topçubaşov məhdud sayda nümayəndə və texniki işçi ilə müşayiət edilmək imkanı qazanır və beləliklə, böyük həcmdə sənədlərin özü ilə yalnız müəyyən hissəsini gətirə bilir. Əlimərdan bəy Topçubaşov gündəliyində ona məxsus sənədlərin bir hissəsini İstanbulda saxlamaq məcburiyyətində qaldığını təəssüflə vurğulayıb. 

Gün ərzində onlarla məktub yazırdı

Arxivdə saxlanılar sənədlərlə tanışlıqdan sonra Əlimərdan bəy Topçubaşovun enerjisinə, yüksək iş bacarığına təəccüblənməmək mümkün deyil. Bir insanın özündən sonra bu qədər sənəd qoymasına ilk baxışda inanmaq çətindir. O, bir gün ərzində onlarla sənəd hazırlayırdı, xüsusilə də onları əllə yazırdı.

Topçubaşovun gündəliyi

Ə.Topçubaşova məxsus gündəliyi oxuduqca onun nə dərəcədə maraqlı insan olduğu aydınlaşır. O, gündəliyə böyük hadisədən tutmuş ilk görünüşdə çox xırda görünən hər bir detalı qeyd edib. Bu yazılar ictimai-siyasi xadimin qabiliyyətli, işgüzar, eyni zamanda olduqca dürüst insan olduğunu göstərir. 

Ailəsi onun üçün həmişə ön sıralarda ölub

O, ailəsini çox sevən ailə başçısı, sadiq həyat yoldaşı olub. Əlimərdan bəy Topçubaşov San-Kluda yerləşən və kirayə götürdüyü evində ailəsi, həmçinin ailə həyatı qurmuş qızı və kürəkəni ilə birlikdə yaşayırdı. 1931-ci ildə maliyyə çətinliyi ilə üzləşən ictimai-siyasi xadim məhkəmənin qərarı ilə evini məcburi surətdə tərk etməli olur. Bu zaman Ceyhun Hacıbəyli onlara evində müvəqqəti sığınacaq verir və yeni ev tapmaqda yardım edir. Ancaq köçdükləri yeni ev kiçik olduğundan qızı və kürəkəni onlarla bir yerdə yaşaya bilmirlər. Ə.Topçubaşov bundan çox məyus olur və bunu gündəliyində xüsusilə qeyd edir.

O, San-Kludakı evindən çıxarılan zaman əlindən alınan əşyaları arasında əvvəlcə onun üçün böyük əhəmiyyətə malik arxivini geri qaytarmağa cəhd göstərir. O, bu barədə gündəliyində qeydlər edib. Hətta sənədlərini geri almaq üçün aidiyyəti qurumlara müraciət ünvanladığını da yazıb. Ancaq Ə.Topçubaşov əşyalarını geri qaytarmaq üçün borclarını ödəməli idi.

Son

Arxivin sonuncu hissəsi 1934-cü il noyabr ayından, yəni Ə.Topçubaşovun vəfatından etibarən 50-ci illərə qədərki dövrü əhatə edir. Arxivdə Fransa Dövlət Şərq Dilləri və Sivilzasiyaları İnstitutunu (İNALCO) bitirmiş Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər bəy Topçubaşovun həyat və fəaliyyəti ilə bağlı çox maraqlı sənədlər saxlanılır. Hələ 1975-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, ümummilli lider Heydər Əliyev Sovet nümayəndə heyətinin tərkibində Parisə yollanan Mərkəzi Komitənin Tikinti şöbəsinin məsul işçisi Həsən Həsənova Əlimərdan bəyin oğlu Ələkbər bəy Topçubaşov ilə görüşməyi və ölkə rəhbərliyi adından onu Bakıya dəvət etməyi tapşırmışdı. Nəticədə bir müddət sonra səfər gerçəkləşdi.  

Son xəbərlər

Orphus sistemi