Yuxarı

Əli Həsənov: "Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür"

Siyasi opponentlərimiz ilə konstruktiv dialoqa həmişə açıq olmuşuq

Bakı. 13 dekabr. REPORT.AZ/ “Azərbaycanın hazırkı hakimiyyəti mövcud olduğu dövrdən daim dialoqa hazır olub və dialoq əhvali-ruhiyyəsi ilə fəaliyyət göstərib. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Azərbaycanı təkcə iqtisadi rifah, iqtisadi islahatlar, iqtisadi yüksəliş ilə təsəvvür etmirik, eyni zamanda ölkədə davamlı olaraq siyasi islahatlar getməlidir”. “Report”un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir qrup müxalifət partiyaları ilə keçirilən dialoqda bildirib.

“Bizim dövlətin idarəçilik sistemi təkmilləşdirilməlidir, siyasi sistemimiz təkmilləşdirilməlidir. Modernləşmə prosesi təkcə dövlətin iqtisadi sosial görüntü və digər sahələrdə dəyişməsi deyil, eyni zamanda siyasi cəhətdən dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların tətbiq edilməsi və həyata keçirilməsindən ibarətdir”, - o bildirib.

Ə.Həsənov deyib ki, digər tərəfdən Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı olmadan, vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür: “Ona görə də biz davamlı olaraq bir neçə dəfə mətbuatla, siyasi partiyalarla, bir neçə dəfə də qeyri-hökumət təşkilatları ilə görüşlər keçirmişik. Bu gün də keçirilən bu görüş məhz Azərbaycanın bir qrup müxalifət partiyalarının təşəbbüsü ilə reallaşdırılıb və düşünürəm ki, burada biz partiyaların irəli sürdükləri məsələ ətrafında fikir mübadiləsi aparacağıq, istədiyiniz fikirləri dinləyəcəyik, ümumiləşdirəcəyik və müvafiq olaraq mən Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi nəticələri müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam”.

Ə.Həsənov bildirib ki, siyasi partiyalarla əlaqələri olan hakimiyyətlər, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əlbir işləyən hakimiyyətlər güclü olur: “Bir ölkədə baş verən proseslərə yalnız bir nöqteyi-nəzərdən yanaşanda, əlbəttə, opponentsizlik müəyyən qədər hakimiyyətin də zəif tərəfi olur. Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq siyasi opponentlərimiz ilə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi