Yuxarı

Prezidentin köməkçisi: "Belə kampaniyalar vasitəsilə Azərbaycanın uğurlarını qaralamaq istəyirlər"

Bu yalnız Azərbaycana qarşı hörmətsizlik deyil, həm də Avropaya, Avropa Olmpiya Komitəsinə və ictimaiyyətinə qarşı olan hörmətsizlikdir

Bakı. 11 iyun. REPORT.AZ/ “Azərbaycana qarşı bəzi xarici mətbuat orqanlarında yazılan qərəzli yazıların özbaşına cərəyan edən, formalaşan proseslərə oxşamadığını düşünürük”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyunun 11-də I Avropa Oyunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, bunun arxasında duran qüvvələr var: “Bizdə yaranan fikir ondan ibarətdir ki, I Avropa Oyunlarının yüksək səviyyədə təşkili böyük dairələr tərəfindən həddən artıq böyük görünür. Onlar buna kölgə salmaq və Azərbaycan kimi kiçik dövlətlərin belə yarışları təşkil etməkdə çətinlik çəkəcəyini bəyan etmək istəyirlər. Onlar istəyirlər ki, buna hər vasitə ilə mane olsunlar. 

Azərbaycanın müstəqil siyasətini qəbul etməyən dairələr var ki, onlar Azərbaycanı öz yanlarında, özlərinin istəyinə uyğun şəkildə görmək istəyirlər. Onlar Azərbaycanı davamlı olaraq təsir, təzyiq altında saxlamaq istəyirlər, bu səbəbdən ölkəmizə qarşı yönələn kampaniyaları dəstəkləyirlər. Amma çox təəssüf edirəm ki, bu kampaniyada bəzən tanıdığımız, səhifələrindən, ekranlarından, internet resurslarından mütəmadi olaraq dünyada baş verən hadisələr haqqında obyektiv informasiya almaq istədiyimiz mətbuat orqanları da təmsil olunur”.

Ə.Həsənov hesab edir ki, bunu həm də erməni lobbisi və onun təsiri altında olan bəzi QHT-lər edir: “Bunlar erməni lobbisinin maddi dəstəyi ilə formalaşan qüvvələrdir. Onlar “Eurovision” mahnı müsabiqəsi zamanı da eyni ssenarini tətbiq etmişdilər. Digər tərəfdən isə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr var ki, onlar daim bu kampaniyanı dəstəkləyirlər. 

Böyük Britaniyanı təmsil edən dairələr London platformasında iştirak edərək anti-Azərbaycan kampaniyasının liderlərinə çevriliblər. Fransada və Almaniyada bəzi dairələr təəssüflər olsun ki bu ölkələrin vergi ödəyicilərinin və yaxud da oxucu və tamaşaçılarının pulu ilə maliyyələşən mətbuat orqanlarında anti-Azərbaycan kampaniyaları aparırlar, vətəndaşların ödədiyi vergiləri bu istiqamətə yönəldirlər. Onların məqsədi bu kampaniya vasitəsilə uğurlarımızı qaralamaqdır. Açıq deyim ki, bu, yalnız Azərbaycana qarşı hörmətsizlik deyil, həm də Avropaya, Avropa Olimpiya Komitəsinə və ictimaiyyətinə qarşı olan hörmətsizlikdir. Ümidvaram ki, bir müddət sonra bu kampaniya dayanacaq. Bu gün anti-Azərbaycan mövqeyində olan adamlar özləri də səhv etdiklərinin fərqinə varacaqlar. Ancaq I Avropa Oyunlarının tarixində bütün bunlar çirkin kampaniya, çirkin əməl kimi yadda qalacaq. İnanıram ki, bütün ictimaiyyət buna ədalətli mövqeyini bildirəcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi