Yuxarı

Əli Əhmədov: "YAP-ın siyahısındakı dəyişiklikləri "az" və ya "çox" anlayışları ilə ifadə etməyin tərəfdarı deyiləm"

YAP sədrinin müavini: Bu halda yerinə düşən ifadə optimal olardı

"Yeni Azərbaycan Partiyasının siyahısının sentyabr ayının 15-də açıqlanması qabaqcadan planlaşdırılmışdı"

"Müxalifət sarsılıb, dağılıb, parçalanıb. Azərbaycanın siyasi həyatında müxalifətin rolu demək olar ki, görünmür" 

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov partiyanın saytına müsahibə verib. "Report" müsahibəni təqdim edir. 

- YAP namizədləri dünən, sentyabr ayının 15-də açıqlandı. Seçki kampaniyası isə demək olar ki, 2 həftədir artıq start götürüb. Gec deyil ki?

- Xeyr. Yeni Azərbaycan Partiyasının siyahısının sentyabr ayının 15-də açıqlanması qabaqcadan planlaşdırılmışdı. Bu, partiyanın seçki taktikasının bir tərkib hissəsi kimi nəzərdə tutulurdu. Doğrudur, mətbuatda çox müxtəlif müddətlər səsləndirilirdi. Lakin onların heç biri əsaslı deyildi.

Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı kifayət qədər sadədir. Ona görə də Yeni Azərbaycan Partiyasının namizəd siyahısının sentyabrın 15-də açıqlanması gec sayıla bilməz. İrəli sürülən bütün namizədlərin qeydə alınması üçün kifayət qədər vaxt var.

- Siyahını necə qiymətləndirərdiniz? Dəyişikliklər çox deyil. Deməli, yeni adlar da azdır.

- Mən hər şeydən əvvəl YAP-ın siyahısını optimist və ədalətli hesab edərdim. Bu siyahı partiyanın özünə inamını və daxili monolitliyini ifadə edir. Mən açıqlanmış siyahımızı perspektiv planda şanslı hesab edirəm.

Dəyişikliklərə gəldikdə isə, bunu "az" və ya "çox" anlayışları ilə ifadə etməyin tərəfdarı deyiləm. Bu halda yerinə düşən ifadə "optimal" olardı. Elan edilən siyahı ilə ilk növbədə Yeni Azərbaycan Partiyası özünün deputat korpusundan razılığını ifadə edib. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyəti həm partiyanın, həm də seçicilərinin etimadını doğruldublar. Yəqin ki, partiyanın deputatlarından bir neçəsinin icra strukturlarında vəzifəyə təyin olunması və beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilməsi səsləndirdiyim fikrin təsdiqi üçün yetərlidir.

Bununla belə, siyahıda kifayət qədər yeni simalar da var. 2010-cu il parlament seçkilərində partiyamız 72 mandat qazanmışdı. 2015-ci il seçkilərində isə biz 117 dairə üzrə namizəd irəli sürmüşük. Gördüyünüz kimi, yeni simaların irəli sürülməsinə kifayət qədər imkan vardır və həmin imkandan ən faydalı şəkildə istifadə etməyə çalışmışıq.

- Qeyd etdiniz ki, Milli Məclisə 2010-cu ildə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası 70-dən çox dairədə uğur qazanmışdı. 2015-ci illə əlaqədar proqnozunuz necədir?

- Qabaqcadan proqnoz vermək istəməzdim. Söhbətimizin əvvəlində qeyd etdim ki, partiyamızı seçkilərdə müşayiət edən əsas keyfiyyətlərdən biri özünəinamdır. Bu, əsassız deyil. 2010-2015-ci illər ərzində ölkəmiz daha da inkişaf edib və bu inkişafın əsasını partiyamızın sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanması təşkil edir. Ötən 5 il ərzində Yeni Azərbaycan Partiyası da inkişaf edib, güclənib, ictimai dayaqları və sosial bazası möhkəmlənib. 2010-cu ildə partiyamızın 500 min üzvü var idi, indi isə bu rəqəm 700 minə yaxınlaşır. Deməli, Yeni Azərbaycan Partiyasına inanan, onu dəstəkləyən vətəndaşların sayı daha da artıb. Bu isə bizim qarşıdakı seçkilərdə daha böyük uğur qazanmağımıza inamı artırır.

- Yeni Azərbaycan Partiyası qadınların və gənclərin ictimai – siyasi proseslərdə fəallaşmasına xüsusi diqqət verib. Bu mənada növbəti seçkilərdə proqramınız barədə nə deyə bilərsiniz.

- Həqiqətən, Yeni Azərbaycan Partiyası cəmiyyətdə qadınların və gənclərin iştirakçılığının artırılmasının təşəbbüskarlarından biridir. Açıqlanmış siyahıya baxsanız, dediklərimə bir daha şahid ola bilərsiniz. Doğrudur, Milli Məclisə seçkilər kimi gərgin siyasi yarışda uğur qazanmaq cəmiyyət və ya heç olmasa iddiaçı olduğun dairə miqyasında kifayət qədər tanınmadan mümkün deyil. Nəzərə almaq lazımdır ki, söhbət 10 milyonluq Azərbaycanda cəmi 125 nəfərdən biri olmaq uğrunda mübarizədən gedir. Etiraf etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının sıralarında belə qadınlar və gənclər az deyil və onların daha şanslı hesab etdiyimiz nümayəndələri siyahıda özünə yer tutublar. Həm məqsədimiz odur, həm də təbliğatımızın bütün gücündən istifadə edəcəyik ki, namizədliyini irəli sürdüyümüz qadınlar və gənclər uğur qazansınlar, partiyamızın gələcək deputat korpusunda layiqincə təmsil olunsunlar.

- Əli müəllim, rəqibləriniz haqqında nə demək istərdiniz. Hansı partiyaları Yeni Azərbaycan Partiyasına çətin rəqib hesab edirsiniz?

- Yeni Azərbaycan Partiyası özünəməftunluqdan, lovğalıqdan, müvəffəqiyyətdən başgicəllənməsi hallarından uzaqdır. Bütün bunlarla yanaşı, Azərbaycanın siyasi həyatının artıq hamıya məlum olan və hamının qəbul etdiyi reallıqları mövcuddur. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, təmsil olunduğum partiyanın cəmiyyətdəki çox böyük mənəvi və siyasi gücü fonunda biz çox zəif rəqabət müqaviməti hiss edirik. Opponentlərimiz bu günə qədər aydın hədəflərini müəyyənləşdirə bilməyiblər. Siyasi fəaliyyətlərinin yeganə məqsədini şər və böhtanda görürlər, milli maraqlara zərbə vurmaqdan belə çəkinmirlər. Cəmiyyətə pozitiv heç nə vəd edə bilmirlər, mahiyyət etibarilə neqativ enerji daşıyıcılarına çevriliblər. Nəticə tamamilə gözlənilən və anlaşılandır. Müxalifət sarsılıb, dağılıb, parçalanıb. Azərbaycanın siyasi həyatında müxalifətin rolu demək olar ki, görünmür. İndi müxalifət, xüsusilə də onun aqressiv hissəsi siyasi mübarizəni və siyasi fəallığı Azərbaycandan kənarda olan müxtəlif qruplarla işbirliyində görür. Ən acınacaqlısı da odur ki, həmin qruplar bir qayda olaraq anti – Azərbaycan mövqeyini heç zaman gizlətmir. Nəticədə müxalifətin həmin qolu özü mahiyyət etibarilə anti – Azərbaycan elementinə çevrilir. Bunun bir adı da «5-ci kolon»dur. Tamamilə aydındır ki, öz qrup maraqlarını xalqın maraqlarına qarşı qoyanlar xalqın dəstəyinə ümid edə bilməz. Müxalifətin bəzi dairələrinin seçkilərdə iştirak etməməsinin səbəbini bunda axtarmaq lazımdır.

Rəqiblərimizlə əlaqədar sözlərimə yekun vuraraq bildirmək istəyirəm ki, biz xalqa inanırıq, onlar isə xalqdan uzaq düşüb. Deməli qüvvələr qeyri – bərabərdir, çünki seçkinin yeganə hakimi seçicidir, başqa sözlə, xalqdır.

- Yeni mövzuya keçib Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi növbəti qərəzli qətnaməsi ilə əlaqədar da sual vermək istərdim. Siz qətnamə ilə bağlı fikirlərinizi bildirmisiniz. Bu mövzuda daha nə deyə bilərsiniz?

- Müdriklərin bir yanaşması var: bir dəfə dedin inandım, ikinci dəfə dedin şübhələndim, üçüncü dəfə dedin – artıq inanmıram. Avropa Parlamenti Azərbaycana qarşı görün neçənci, yumşaq desək qeyri – obyektiv qətnaməsini qəbul edir. Qərəz təkcə məlum qətnamələrin məzmununda deyil, həm də Avropa Parlamentinin davranışının mahiyyətindədir. Bu qurum açıq şəkildə anti – Azərbaycan mərkəzinə çevrildiyini gizlətmək belə istəmir. İstənilən halda qərəzin cavabı qəzəb olub. Bu gün Azərbaycanda Avropa Parlamentinə qarşı böyük bir qəzəb müşahidə olunmaqdadır.

Heç bir xalq razı olmaz ki, onun ölkəsi xaricdən müəyyən edilmiş qaydalarla idarə olunsun. Avropa Parlamenti isə çalışır ki, müstəqil dövlətlərə davranış qaydaları öyrətsin.

Azərbaycan əməkdaşlıq ideyasının əleyhinə deyil. Bəlkə də bizim ölkəmiz əməkdaşlığa ən çox hazır olan ölkələrdən biridir. Lakin hər bir əməkdaşlıq qarşılıqlı olmalıdır. Avropa Parlamentinin Azərbaycana qarşı açıq hiss olunan qərəzli mövqeyi əməkdaşlıq imkanlarını heçə endirir. Nəzərə alsaq ki, Avropa strukturları ilə illərdir davam edən əməkdaşlıqdan Azərbaycan indiyədək heç nə qazanmayıb, ələlxüsus Dağlıq Qarabağ məsələsində ciddi ədalətli dəstək əldə edə bilməyib, onda sözügedən əməkdaşlığın pozulmasında itirəcəyimiz də yoxdur.

Avropa Parlamenti, digər Avropa qurumları Azərbaycana qarşı qərəzli mövqelərini saxladıqca, Azərbaycanı o qədər özlərindən uzaqlaşdırmış olacaqlar. Qeyri – qanuni yollarla hansısa qrupları və ya şəxsləri müdafiə etmək, «5-ci kolona» çevirmək cəhdlərini düzgün və ədalətli saymıram. Avropa Parlamenti unutmamalıdır ki, Azərbaycanın öz dövlət və milli maraqlarını qorumaq haqqı var və o, bu haqqını heç kimə vermək niyyətində deyil. Avropa Parlamenti bir də onu nəzərə almalıdır ki, Azərbaycan haqqında yerli – yersiz ədalət və obyektivlikdən uzaq qətnamələr qəbul etməklə özünü və qətnamələrini gözdən salır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi