Bakı. 28 dekabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, toplantıda Prezident İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, insanlara qayğılı münasibətin göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, habelə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlarının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçən kollegiyada vətəndaşların hüquqlarının etibarlı təmin olunması, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, əhalinin daha çox təmasda olduğu qurumların fəaliyyətinin təkmilləşdirilərək bu sahədə müasir elektron xidmətlərin geniş tətbiqi, ədliyyə orqanlarına və məhkəmələrə çatımlığının asanlaşdırılması, habelə korrupsiyaya qarşı tədbirlərin davam etdirildiyi bildirilib, həmçinin mövcud nöqsanlar qeyd olunaraq əlavə təsirli tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.
Bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunaraq, ədliyyə fəaliyyəti üzrə növbəti il üçün əsas prioritetlər müəyyən edilib, o cümlədən korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, açıq hökumətin təşviqi, vətəndaşlara daim qayğı ilə xidmət göstərilməsi və bu zaman etik davranış qaydalarına dönmədən əməl olunması, ədliyyə və məhkəmə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi, işçilərin peşəkarlığının artırılması üzrə və digər konkret tapşırıqlar verilib.
İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, regional ədliyyə qurumlarının imkanlarından geniş istifadə olunmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.
Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.