Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb
Daxili siyasət
31 Yanvar , 2017 20:40
Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin struktur qurumlarının, regional və yerli ədliyyə orqanlarının rəhbər şəxslərinin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi kollegiyada Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və regionların sosial-iqtisadi inkişafına dair iclaslarda verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub.

Nazir F.Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, dünyada təhlükələrin, iqtisadi böhranın hökm sürdüyü şəraitdə Azərbaycanın 2016-cı ildə öz inamlı inkişafını, sabitliyini təmin etdiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə nail olunduğunu vurğulayıb.

İclasda dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, ötən il ədliyyə orqanları tərəfindən görülmüş işlər ətraflı təhlil edilib.

Məlumat verilib ki, nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 40 faiz çox – 1100-dən artıq qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən üç minə yaxın belə akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan milli qanunvericiliyin elektron bazasına 2615 sənəd daxil edilib və il ərzində həmin bazaya başçəkmələrin sayı 2,7 dəfə artaraq 500 minə çatıb.

Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq, 50 mindən çox vətəndaş müraciətinə baxılıb, 15 700 vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 milyonu ötüb, 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 40,3 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması və onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülüb, o cümlədən ötən il ölkə başçısının iştirakı ilə Xaçmaz nikah evi, habelə yeni inşa olunmuş Mingəçevir şəhər qeydiyyat şöbəsi üçün inzibati binalar istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə üç dəfə artaraq 1,8 milyondan çox olub. Hazırda yeni xidmətlərin tətbiqi üzrə işlər görülür. Eyni zamanda, dövlət başçısının Sərəncamı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sistemi çərçivəsində elektron sənəd dövriyyəsinin, məhkəmə işlərinin elektron idarə edilməsinin, proseslərin elektron qeydiyyatının sınaq rejimdə məhkəmələrdə tətbiqi davam etdirilib, sistemin yeni komponentlərinin – “vətəndaşın şəxsi kabineti”nin və “elektron icra”nın yaradılması üzrə və digər tədbirlər görülüb. Artıq bir sıra icra qurumlarında “elektron icra” sistemi pilot qaydada tətbiq edilir. Həmçinin, cari ilin əvvəlindən iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması təmin olunur.

Bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 204 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə ötən il ərzində 555 vakant ştat vahidi komplektləşdirilib. Eyni zamanda, dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilib, gənc könüllülərin 50-ə yaxını ədliyyə orqanlarında işlə təmin olunub.

Kollegiyada, həmçinin bildirilib ki, 2016-cı il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Çin, Qətər, Türkiyə və Vyetnam ilə ədliyyə sahəsində mühüm sənədlər imzalanıb, Rusiyanın ədliyyə naziri ölkəmizə, habelə nümayəndə heyətimiz Vyetnama səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunub.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, bununla bağlı tabe qurumların rəhbərləri dinlənilib, işin səmərəliliyinin artırılmasına dair aidiyyəti tapşırıqlar verilib.

Azərbaycan Prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri xüsusilə diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması vurğulanıb.

Eyni zamanda, ədliyyə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, insanlarla daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, məhkəmə qərarlarının icrası ilə bağlı əlavə təsirli tədbirlərin görülməsi, regional ədliyyə idarələri tərəfindən prinsipiallığın artırılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.

Tədbirdə iştirak edən QHT nümayəndələri çıxış edərək ölkə rəhbərliyinin hər zaman xüsusi önəm verdiyi ictimai iştirakçılığın ədliyyə fəaliyyətində geniş tətbiq olunmasını, nazirliklə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edərək həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiklərini bildiriblər.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi