Yuxarı

Milli Məclis bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib - YENİLƏNİB

Bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər

Bakı. 12 fevral. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzə deputatların müzakirəsinə təqdim olunub. "Report"un məlumatına görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Məruzədə qeyd edilib ki, keçən il vətəndaşlardan daxil olan 2 093 müraciətə baxılıb: "Müraciətlərdən 107-si tərəfimizdən tam, 20-si isə qismən təmin olunub. Daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb. Ümumilikdə 65 araşdırma materialı prokurorluq orqanlarına göndərilib ki, onlardan 3-ü korrupsiya faktlarını özündə əks etdirib.

Ötən il bələdiyyələrdən daxil olan aktların sayında əvvəlki illərlə müqayisədə 11,6 faiz azalma olub. 2015-ci ildə qanunsuz torpaq satışı olmayıb. Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı 4 müraciət daxil olub. Həmin faktlar təsdiqini tapıb və hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara təqdim olunub. Keçən il rüşvətlə bağlı yalnız bir fakt qeydə alınıb".

Keçən il verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1 169 akt ləğv edilib, 531 akt dəyişdirilib, digərlərinə isə baxılır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhəkəmələrdə 19 iddia qaldırılıb.

Bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb.

Bundan başqa, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar. Həmçinin, cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır.

Müzakirələrdən sonra məruzə sənədi səsverməyə qoyularaq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi