Ədliyyə naziri yanında İctimai Komitənin tərkibi yenidən formalaşdırılıb

Ədliyyə naziri yanında İctimai Komitənin tərkibi yenidən formalaşdırılıb Bakı. 23 noyabr. REPORT.AZ/ Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib.
Daxili siyasət
23 Noyabr , 2017 19:16
Ədliyyə naziri yanında İctimai Komitənin tərkibi yenidən formalaşdırılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclasda Komitənin ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib, dövlət başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ilə bu islahatların yeni mərhələyə keçdiyini və bu mühüm sənədin icrası üzrə görülən işləri qeyd edib.

Nazir ədliyyə fəaliyyətində ictimai iştirakçılıq baxımından İctimai Komitənin mühüm rolunu vurğulayaraq əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.

Komitə üzvləri Ədliyyə Nazirliyində aşkarlığa və şəffaflığa daim xüsusi önəm verildiyini qeyd edərək Nazirliklə əməkdaşlıq modelindən və səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə edib, məhkumları şərti azad etmə ilə bağlı yaradılan Komissiyanın fəaliyyətini və onun işində ictimaiyyətin iştirakını müsbət qiymətləndirib, həyata keçirilən islahatlara töhfə verməyə hazır olduqlarını bildiriblər.

İclasda İctimai Komitənin işinin daha səmərəli təşkili, ədliyyənin yeni fəaliyyət istiqamətləri ilə tanış olunması, məhkumların sosial adaptasiyası və əməkdaşlığın digər formaları barədə fikir mübadiləsi aparılıb.

Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.

Son xəbərlər

Orphus sistemi