Yuxarı

Ədliyyə naziri: "Hakimlərin qeyri-etik davranışa və digər neqativ hallara yol verməsi qəbuledilməzdir"

Hakimlərin nöqsan və çatışmazlıqları diqqətə çatdırılaraq belə halların qətiyyətlə aradan qaldırılmasının vacibliyi vurğulanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə Şəki Məhkəmə Kompleksində regional müşavirə keçirilib. Bu barədə "Report"a Ədliyyə Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri, Ali Məhkəmənin, Şəki, Şirvan və Gəncə apellyasiya və onların yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, ədliyyə işçiləri, vəkillər, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək mövcud problem və nöqsanların, xüsusilə korrupsiyaya şərait yaradan pozuntuların, süründürməçiliyin qətiyyətlə aradan qaldırılması, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyini bildirib, fəaliyyətin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasının zəruriliyini qeyd edib.

Həmçinin, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasının, şəffaflığın və aşkarlığın genişləndirilməsinin, müasir İKT-lərin və elektron məhkəmənin tətbiqinin əhəmiyyəti bildirilib. İclasda ayrı-ayrı hakimlərin nöqsan və çatışmazlıqları diqqətə çatdırılaraq belə halların qətiyyətlə aradan qaldırılmasının vacibliyi, habelə işində dönüş yarada bilməyən hakimlərin fəaliyyəti qiymətləndirilməklə prinsipial tədbirlərin görüləcəyi vurğulanıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasınin, şəffaflığın artırılmasının, məhkəmə təcrübəsinə dönmədən əməl olunmasının vacibliyini qeyd edib, məhkəmələrin fəaliyyətində yol verilən xarakterik nöqsanlara və həmçinin, korrupsiyaya şərait yaradan hallara toxunub.

Müşavirədə hakimlər, vəkillər və QHT nümayəndələri çıxış ediblər. Çıxışlarda texnoloji yeniliklərin tətbiqinin ədalət mühakiməsinin səmərəliliyilinin artırılmasında mühüm rolu qeyd olunub, qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın daha da artırılması, ictimai iştirakçılığın genişləndirilməsi, mövcud nöqsanların aradan qaldırılması və s. barədə təkliflər irəli sürülüb.

Sonra tədbir öz işini "Məhkəmə təcrübəsi və elektron məhkəmənin tətbiqi məsələləri" mövzusunda seminarla davam edib. Tədbirdən sonra iştirakçılar Şəki Məhkəmə Kompleksində yaradılan yüksək şərait və elektron idarəetmə sistemləri, habelə TÜRKSOY tərəfindən "2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Şəkinin mədəni-tarixi abidələri ilə tanış olublar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi