Ədliyyə naziri Ağcabədi rayonunda vətəndaşlar ilə görüşüb

Ədliyyə naziri Ağcabədi rayonunda vətəndaşlar ilə görüşüb Səfər zamanı ədliyyə naziri hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib
Daxili siyasət
30 Sentyabr , 2016 19:52
Ədliyyə naziri Ağcabədi rayonunda vətəndaşlar ilə görüşüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Ağcabədi rayonu Mədəniyyət Mərkəzində Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərinin, habelə digər bölgələrdən olan vətəndaşlar ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdən əvvəl nazir və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri Ağcabədidə yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti, o cümlədən rayon qeydiyyat şöbəsinin əsaslı təmirdən sonra istifadəyə verilən yeni binası ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir dövlət başçısının rəhbərliyi ilə respublikamızın, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunan nailiyyətlərdən bəhs edib, bu günlərdə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda xalqımızın böyük vətəndaş həmrəyliyi nümayiş etdirərək Azərbaycanın hərtərəfli sürətli tərəqqisinə, gələcək inkişafına səs verdiyini qeyd edib, referendumun ölkə Prezidenti İlham Əliyevə ümumxalq etimadının növbəti təzahürü olduğunu vurğulayıb.

Müşavirədə həmçinin, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, insanların məmnunluğunun yüksəldilməsi ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlar verilib.

Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.

Son xəbərlər

Orphus sistemi