Əcnəbilərin Azərbaycan ərazisindən tranzit keçidi ilə bağlı yeni qayda tətbiq olunacaq

Əcnəbilərin Azərbaycan ərazisindən tranzit keçidi ilə bağlı yeni qayda tətbiq olunacaq Əcnəbilərdən miqrasiya kartını dolduqmaq tələb ediləcək
Daxili siyasət
28 Mart , 2017 17:57
Əcnəbilərin Azərbaycan ərazisindən tranzit keçidi ilə bağlı yeni qayda tətbiq olunacaq

Bakı. 28 mart. REPORT.AZ/ Əcnəbilərin Azərbaycan ərazisindən tranzit keçidi ilə bağlı yeni qaydanın tətbiq olunması təklif edilir.

"Report" xəbər verir ki, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən miqrasiya kartını doldurmaq tələb olunacaq. Onlar miqrasiya kartını Azərbaycanın dövlət sərhəddinin buraxılış məntəqəsindən keçərkən pasport və ya digər sərhəddənkeçmə sənədi ilə birgə təqdim etməlidirlər.

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya ilə gələn və diplomatik pasportlara malik şəxslər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün viza almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən miqrasiya kartını doldurmaq tələb olunmayacaq.

Miqrasiya kartı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanının əməkdaşları və ya nəqliyyat xidmətləri göstərən şirkət nümayəndələri tərəfindən pulsuz verilir.

Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı təqdim olunmuş miqrasiya kartının düzgün doldurulmasını yoxlayır və şəxs barədə məlumatları, kartın nömrəsini "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edir.

Miqrasiya kartı iki hissədən ibarət olur. Miqrasiya kartının şəxsin ölkəyə daxil olması barədə qeydiyyat aparılmış hissəsi əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdə, digər hissəsi isə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşında qalır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanı tərk edərkən miqrasiya kartının onda qalan hissəsini təqdim etməlidir.

Miqrasiya kartı itərsə və ya korlanarsa, şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Şəxs barəsində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülmüş ilkin məlumatlar və şəxsin sərhəddənkeçmə sənədləri əsasında müvafiq icra hakimiyyəti orqanı ona müraciət olunduğu gün ərzində miqrasiya kartının dublikatını verir.

Miqrasiya kartında şəxsin adı, soyadı, atasının adı, doğulduğu yer və tarix, pasport məlumatları, cinsi vətəndaşlığı, gəldiyi ölkə, həmin ölkədə yaşayış yeri, telefon nömrəsi, səfərin məqsədi, ölkədə qalma müddəti, əgər vardırsa, dəvət edən şəxs barədə məlumat, qalacağı yerlə bağlı məlumatlar əksini tapır.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxaralacaq.

Son xəbərlər

Orphus sistemi