Əli Əhmədov: "Dünya əhalisinin bir milyarda yaxını aclıqdan əziyyət çəkir"

Əli Əhmədov: "Dünya əhalisinin bir milyarda yaxını aclıqdan əziyyət çəkir" "Yüz minlərlə insanın toqquşmalarda həlak olması bəşəriyyəti düşündürməlidir"
Daxili siyasət
16 Mart , 2017 11:25
Əli Əhmədov: Dünya əhalisinin bir milyarda yaxını aclıqdan əziyyət çəkir
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ “Dünya inkişaf edir. Ancaq təəssüflə bunun bəzi ziddiyyətlərə də yol açdığını qeyd etməliyəm. Dünyanın inkişafı təzadları aradan qaldıra bilmir”.

“Report”un məlumatına görə, bu sözləri Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda keçirilən konfransda deyib. 

Onun sözlərinə görə, dünyanın bir tərəfində inkişaf, digər tərəfində aclıq, səfalət, toqquşmalar hökm sürür: “Təəssüflər olsun ki, dünya əhalisinin bir milyarda yaxını aclıqdan əziyyət çəkir, onlar qida tapa bilmirlər. Kasıblıq bəşəriyyəti düşündürən əsas məsələlərdəndir. Dünyanın bir milyard insanı gündəlik bir dollara yaşayırlar. Qarşıya qoyulan məqsəd qeyri-bərabərliyin aradan qaldırılması olmalıdır. Qeyri-bərabərlik faciəyə səbəb olur. Dünyanın orta yaş həddi 50 olan ölkələri var. Bu rəqəm inkişaf etmiş ölkələrdə isə 80-i ötür”.

Ə.Əhmədov qeyd edib ki, yüz minlərlə insanın toqquşmalarda həlak olması bəşəriyyəti düşündürməlidir: "Bundan başqa, miqrasiya problemləri də diqqət mərkəzində olmalıdır. Bu, həm də ekoloji tarazlığın pozulmasıdır”.

Baş nazirin müavini bildirib ki, dünya dövlətləri tarazlı inkişafa töhfə verməlidirlər: “Azərbaycan bu istiqamətdə addımlar atır. Ölkəmiz bir çox sosial və iqtisadi layihələri uğurla həyata keçirib. Dünyanın transformasiyası üçün səylərimizi göstəririk. Elm və tədqiqatlara diqqət göstərən ölkə inkişaf edir”.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi