Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Zaqatala rayonunda “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” və “Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə DTX-nin məsul əməkdaşları, Zaqatala Rayon İcra Hakimiyyəti, idarə, təşkilat və müəssisələrin təmsilçiləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub.
Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Çıxışlarda Azərbaycanda bəzi terrorçu təşkilatların radikal yönümlü sosial bazanın formalaşmasına çalışdığı, bu məqsədlə dini bilgisi az olan, əsasən, etnik azlıqlara mənsub aztəminatlı gənclər arasında təbliğat aparıldığı bildirilib. Qeyd olunub ki, belə gənclər cihad adı altında münaqişə bölgələrinə getməyə, terrorçu təşkilatlara qoşulmağa dəvət olunurlar. Belə halların baş verməsi isə respublikada terrorçuluğa qarşı mübarizə ilə bağlı maarifləndirmə işinin aparılmasına zərurət yaradır. Bu baxımdan DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzi gənclər, qeyri-hökümət təşkilatları, elm, təhsil ocaqları və ictimaiyyət arasında terrorçuluqla mübarizə ilə bağlı maarifləndirmə işləri aparır.
Eyni zamanda vurğulanıb ki, terrorçuluqla mübarizədə hər bir vətəndaş, xüsusilə də valideynlər və müəllimlər daha fəal olmalı, həm ailədə, həm də məktəbdə bu istiqamətdə tərbiyəvi iş aparılmalıdır. Həmçinin terrorla mübarizə işində təhlükəsizlik xidməti orqanları ilə əməkdaşlığa da önəm verilməlidir. Uşaqlar arasında təhlükəli video oyunların yayılmaması da diqqətdə saxlanılmalıdır.
Sonra DTX-nin yaradılması və fəaliyyəti ilə bağlı qısametrajlı film nümayiş olunub.








