Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də yaxınlaşır
Daxili siyasət
19 Yanvar , 2017 17:59
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyi, əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirib.

Bu barədə “Report”-a DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam edən anım tədbirində faciə qurbanlarının və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə bildirilib ki, 20 yanvarda Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan edib. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatıb, milli azadlığına qovuşub.

Baş verən qanlı olaylardan dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyəti xüsusi qeyd edilib. Ümummilli Lider Heydər Əliyev özünə və ailəsinə qarşı olan təhlükə və hədələrə baxmayaraq, bu qətliamı törədənlərin adlarını açıq şəkildə çəkib, onların cəzalandırılmasını tələb edib. Məhz dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanmaqdadır. Dövlət başçısı müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə böyük diqqət yetirir. Müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşır.

Xüsusi vurğulanıb ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi gündən-günə daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir və qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də yaxınlaşır.

Son xəbərlər

Orphus sistemi