Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü qeyd olunub

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü qeyd olunub Rəhbərlik və miqrasiya orqanlarının bir qrup əməkdaşı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
Daxili siyasət
19 Mart , 2016 11:19
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü qeyd olunub

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 9 il ötür. Xidmətin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu münasibətlə qurumun rəhbərliyi və miqrasiya orqanlarının bir qrup əməkdaşı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulub.

Qurumun aparatında Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümünə, miqrasiya orqanları işçilərinin peşə bayramına və uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan milli varlığımızı, qədim adət-ənənələrimizi, ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən Novruz bayramına həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə əvvəlcə Dövlət himni səsləndirilib.

Dövlət Miqrasiya Xidmətinin 9 il ərzində keçdiyi xidmət yolu barədə Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin məruzəsi dinlənilib.

Xidmət rəisi bildirib ki, bu gün hər birimiz doğma Azərbaycanımızın sürətli və hərtərəfli inkişafının şahidiyik. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Son illər respublikada bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. 

Xidmət rəisi qeyd edib ki, bu gün dünyada daha çox miqrant böhranından danışılır: "Xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşır, böyük təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Təəssüf ki, həmin insanlara münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Orada onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır".

Xidmət rəisi deyib ki, Prezident İlham Əliyev bu qurumun qarşısında bir sıra vəzifələr qoyub: "Bu vəzifələrdən biri də odur ki, "Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur". 

F.Nəbiyev minnətdarlıqla qeyd edib ki, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı heç vaxt Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayıb. 

Xidmət rəisi deyib ki, bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarəolunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur. Ötən il I Avropa Oyunlarında olduğu kimi bu il də ölkədə keçiriləcək bir sıra beynəlxalq tədbirlərlə bağlı miqrasiya orqanları əməkdaşları öz missiyalarını layiqincə yerinə yetirməyə hazırdır.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümü və peşə bayramı münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi sərəncamlar, həmçinin, xidmət rəisinin imzaladıqları əmrlər elan olunub.

Xidmətdə fərqlənmiş əməkdaşlardan 54-ü fəxri fərman, 1-i “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalı ilə təltif olunub. 23 miqrasiya qulluqçusuna növbəti, növbədənkənar və vaxtından əvvəl xüsusi rütbələr verilib. 74 əməkdaşa təşəkkür elan olunub.

Sonda təltiflər əməkdaşlara təqdim edilib.

Son xəbərlər

Orphus sistemi