Gəncə. 8 iyul. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
Qurumdan "Report"a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.
Şuranın üzvü, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov səsvermə yolu ilə DMX yanında İctimai Şuranın sədri seçilib.
Elə həmin gün DMX-nin rəisi Firudin Nəbiyev rəhbərlik etdiyi qurumun struktur bölmə və sisteminə daxil olan qurum rəhbərlərinin iştirakı ilə İctimai Şuranın üzvləri ilə görüşüb. O, DMX yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
F.Nəbiyev Prezident İlham Əliyevin ictimai iştirakçılığa və ictimai nəzarətə xüsusi önəm verdiyini qeyd edərək, Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığının qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına dəstək olduğunu vurğulayıb. O, ptən iki ildə Xidmət yanında belə bir şuranın fəaliyyətinin əhəmiyyətini konkret faktlarla diqqətə çatdırıb.
F.Nəbiyev miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi DMX-nin gördüyü işlər, qarşıda duran vəzifələr barədə söhbət açıb.
Xidmət rəisi respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlardan bəhs edib.
DMX-nin əsas prioriteti kimi müraciət edənlərin məmnunluğunun təmin edilməsinə, operativlik, şəffaflıq prinsiplərinin daha mükəmməl şəkildə reallaşdırılmasına İctimai Şuranın bundan sonra da öz töhfəsini verəcəyinə inam ifadə olunub.
DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov şuranın planları barədə danışıb. Xidmətin ictimaiyyətlə əlaqələrə verdiyi önəmi, qeyri hökumət təşkilatları ilə əməkdaşlığı istiqamətində atılan addımları, İctimai Şura yaradılması istiqamətində ilkə imza atanlardan olmasını yüksək qiymətləndirib.