Yuxarı

​Prezident İlham Əliyev: "Müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil" - YENİLƏNİB

İmamzadə bizim milli sərvətimizdir

ilk xəbər saat 17:27-də yayımlanıb

Bakı. 17 fevral. REPORT.AZ/ "İmamzadə abidəsi bizim ümumxalq sərvətimizdir". "Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksinin açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, "İmamzadə" abidəsi bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir: "Azərbaycan xalqı əsrlər boyu ictimai siyasi quruluşdan asılı olmayaraq, bu abidəni qoruyub, qoruyur və bundan sonra da qoruyacaq. İmamzadə bizim milli sərvətimizdir". Müstəqillik illərində yüzlərlə məscid tikildiyini, Azərbaycanda bütün dini abidələrin yenidən qurulduğunu və dövlət tərəfindən qorunduğunu deyən Prezident İlham Əliyev Azərbaycan dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, cəmiyyətin inkişafı üçün bu münasibətlərin əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycanın müsəlman aləmində həmrəyliyin əldə olunmasına çalışdığını deyən dövlət başçısı son illərdə dünyada baş verən hadisələrin təəssüf doğurduğunu vurğulayıb: "Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunub. Bu bizi çox narahat edir. Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman birliyində birlik, həmrəylik daha da möhkəm olsun. Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilib. İslam Əməkdaşlıq Təşkilatının xəttiylə, İSESCO xəttiylə onlarla tədbir keçirilib. Bu gün müsəlman aləmində, deyə bilərəm ki, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır". Azərbaycanın dinlərarası münasibətlərdə oynadığı rolun bütün müsəlman aləmi tərəfindən yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanda bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını qeyd edib, son illərdə Bakıda keçirilən beynəlxalq forumların, tədbirlərin dünyada mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.

Dövlət başçısı çıxışında son illərdə dünyada, xüsusilə Yaxın Şərqdə baş verən proseslərə toxunub. Prezident bildirib ki, xarici müdaxilədən əziyyət çəkən insanlar indi canlarını qurtarmaq üçün böyük əziyyətlərə qatlaşaraq, təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Orda isə onlara qarşı bəzi hallarda nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır. Azərbaycanın da 90-cı illərin əvvələrində humanitar fəlakətlə üzləşdiyini, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən Prezident İlham Əliyev Azərbaycanın bu böhranın öhdəsindən təkbaşına gəldiyini diqqətə çatdırıb. 

Dövlət başçısı qeyd edib ki, bu gün müşahidə olunan miqrant probleminin digər tərəfi Avropada radikal meyllərin çoxalması ilə bağlıdır, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.

2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini deyən Prezident İlham Əliyev ötən il Bakıda Avropa Oyunlarının, gələn il isə İslam Həmrəylik Oyunlarının keçiriləcəyini vurğulayıb və bütün bunların bölgədə və dünyada sabitliyə töhvə olduğunu diqqətə çatdırıb, Azərbaycanın öz yolu ilə uğurla getdiyini bildirib: "Biz öz yolumuzla gedirik, biz heç bir ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə də biz öz sözümüzü deyirik. Harda ki, biz görürük vəziyyət ağırdır, onu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda məsələ necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür, niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birilərini öldürür, qanını tökür, qırır. Heç başa düşmür nəyə görə. Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır kimin tərəfində, nəyə görə onlar vuruşurlar, kimin maraqlarını onlar müdafiə edirlər. Qardaş qanını axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, şəhərlərin və o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki propaqanda, təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harda ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədi, heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə bilməz, heç bir avantüraya o hakimiyyəti çəkə bilməz. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır və bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi