Yuxarı
    Bağlamaq

    Dövlət başçısı: “İdmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar”

    “Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik”© President.az

    Bakı. 29 sentyabr. REPORT.AZ/ “İdmançı olmaq çox şərəfli peşədir. İdmançılara cəmiyyətdə hörmət böyükdür. Onu da qeyd etməliyəm ki, bizim idmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar, onların uğurları, onlara dövlət tərəfindən verilən qiymət və dəstək əlbəttə ki, uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq, həm dövlət səni yüksək qiymətləndirəcək”.

    “Report”un xəbərinə görə, bunu dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

    “Beləliklə, bu gün Azərbaycanda yeniyetmə, uşaq idmanı da uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait var. Bizim çempionlarımızın uğurlu çıxışları, onların qələbələri gəncləri də, uşaqları da əlbəttə ki, idmana cəlb edir. Hər dəfə bizim idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldıranda hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu qələbələrə, bu qələbə sevincini xalqımıza bəxş etdiklərinə görə Azərbaycan idmançılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir”, - deyə, Prezident bildirib.

    Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın həmişə güclü idmançıları olub: “Sovet vaxtında da Azərbaycan nümayəndələri xalqımızı SSRİ yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq əlbəttə ki, indiki nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə fərqlənir. Bu gün biz müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər, apardığımız siyasət hesabına - bu barədə mən artıq öz fikirlərimi bildirdim. Mən görülən işlərin bir hissəsini qeyd etdim. Amma əsas səbəb və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi