Yuxarı
    Bağlamaq

    ​Dövlət başçısı: Bölgədə heç bir layihə bizim razılığımız olmadan icra edilə bilməz

    Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmayıb

    Bakı. 20 mart. REPORT.AZ/ "Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, xalqla iqtidar arasında birlik möhkəmdir. Bizim islahatlarımız, siyasi addımlarımız, beynəlxalq səviyyədə apardığımız işlər xalq tərəfindən dəstəklənir və bugünkü Azərbaycan reallıqları bunu göstərir. Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmayıb".

    "Report"un verdiyi məlumata görə, bu sözləri Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində etdiyi çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev dilə gətirib.

    Daha sonra dövlət başçısı TANAP layihəsinə toxunub:

    "Bax, bu yaxınlarda - iki gün bundan əvvəl biz qədim türk torpağı olan Qars şəhərində TANAP layihəsinə start verdik. Yəni, bu, tarixi layihədir. TANAP layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli hissəsidir. Amma “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Azərbaycan bütün bu layihələrdə fəal iştirakçıdır və bu gün biz yeni reallığı yaradırıq. Çünki enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik qədər önəmlidir. Heç bir ölkə öz milli təhlükəsizliyini enerji təhlükəsizliyini təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Görün, Azərbaycan qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır. Yəni, yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu işlər Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir imkanlarımız da artacaq. Bu gün də kifayət qədər güclüdür. Bu gün bölgədə nə iqtisadi, nə siyasi, nə başqa sahələrdə heç bir layihə bizim razılığımız olmadan icra edilə bilməz. Bunu yaxın tarix göstərib".

    Prezident bildirib ki, Azərbaycan bu gün bölgənin aparıcı ölkələrindən biridir.

    "Azərbaycan bu gün bölgənin aparıcı ölkələrindən biridir və bizim siyasət ədalətli siyasətdir. Biz bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarıyıq. Biz bərabərliyin tərəfdarıyıq. Biz hesab edirik ki, dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malikdir. Ona görə biz bütün ölkələrlə öz siyasətimizi bu prinsiplər əsasında qururuq. Heç bir ölkə qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil. Beynəlxalq təşkilatlarda ki, biz üzvük, o öhdəlikləri biz yerinə yetiririk, onlara hörmətlə yanaşırıq, vəssalam. Bizim başqa heç bir öhdəliyimiz yoxdur. Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir. Son illərin tarixi bunu göstərir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol azadlıq-müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik.

    Bizim şəhərlərimiz abadlaşır, insanların rifah halı yaxşılaşır. Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakımız gözəlləşir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının qədim tarixi, bizim milli sərvətimiz olan Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər - bu, dünya miqyaslı sərvətdir. Eyni zamanda, Bakının yeni simvolları, yeni rəmzləri yaradılır - Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər, Xalça Muzeyi, bu yaxınlarda açılan bulvar. Onun uzunluğu artıq 16 kilometrə çatır. Yəni, budur bu gün bizim ölkəmiz. Azərbaycana gələn hər bir qonaq əgər o, qərəzli deyilsə, bunu görür, etiraf edir. Dostlarımız sevinir, düşmənlərimiz peşman olurlar.

    Biz öz yolumuzla gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik və ölkəmizi daha da gücləndirəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi