Yuxarı

Partiya sədri: "İqtidarla dialoqun əleyhinə çıxanlar anti-milli mövqedən çıxış edirlər"

Bu məsələ hərə öz qəzetində boş-boş danışmaqla həll edilən məsələ deyil

Bakı. 13 fevral. REPORT.AZ/ "Müxalifətin iqtidarla dialoqa getməsi müsbət addımdır. Biz doğru hesab etdiyimiz yolla gedirik, kim nə deyir-desin. Bu yolu platforma kimi 2005-cil ildə Rəsul Quliyevdən uzaqlaşandan sonra partiyanın rəhbər orqanlarının qərarı kimi ifadə etmişik". Bunu "Report"a açıqlamasında iqtidarla-müxalifətin görüşündə iştirak edən Azərbaycan Demokrat Partiyasınının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. 

Onun sözlərinə görə, iqtidarla dialoqun əleyhinə çıxanlar demokratik dəyərlərdən xəbəri olmayanlardır: "Bəziləri müxalifətin iqtidarla görüşməsini satqınlıq adlandırırlar. Əgər dediklərində səmimidirlərsə, pərdəarxası oyunları yoxdursa, deməli, bu adamların demokratiyadan anlayışları yoxdur. Bunlar demokratiyanın nə olduğunu bilmirlər. Belələri bisavad adamlardır, bolşevizmi demokratiya kimi təqdim edirlər. Bunların müxalifət cəbhəsində vəzifəsi "biz hamıdan çoxuq", "biz hamıdan güclüyük" deməkdən ibarətdir. Biz də deyə bilərik ki, dialoq təşəbbüsünü bəyənmədiklərinə görə "5-ci kolon"un üzvləridir, Azərbaycanda həmrəyliyin yaranmasına imkan vermək istəmirlər, öz ambisiyalarını xalqın və dövlətin maraqlarından üstün tuturlar. Bu cür ittihamlar irəli sürə bilərəm, onlar isə ittihamlarımı təkzib edə bilməzlər. Hakimiyyət bizim televiziyaya çıxışımızı təmin etsin və müxalifətin iki cəbhəsi - dialoq tərəfdarı olanlar və olmayanlar xalqın qarşısında fikirlərini bildirsinlər. Bu məsələ hərə öz qəzetində boş-boş danışmaqla həll edilən məsələ deyil. Bilirəm ki, belə görüş təşkil edilsə, onlar gəlməyəcəklər, çünki onlar demokratiyaya xidmət etmirlər, anti-milli mövqe sərgiləyirlər".

Qeyd edək ki, iqtidarla müxalifətin fevralın 12-də keçirilən görüşünə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) dəvət olunmayıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, həmin görüşdə iştirak edən partiyaların heç biri nə ölkə daxilində, nə də beynəlxalq aləmdə müxalifətçi kimi qəbul edilmirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi