Yuxarı
    Bağlamaq

    DİN-də kollegiya iclası keçirilib - ƏLAVƏ OLUNUB

    İclasda şəhər və rayon polis idarə və şöbələrinin rəisləri iştirak edib© Report.az

    Bakı. 21 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyində (DİN) "Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması"nın və "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər"in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

    "Report" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.

    Onun sözlərinə görə, bağlı qalmış cinayətlərin arasında qeyri-aşkar şəraitdə baş verən mülkiyyət əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir və onların açılması hər bir əməkdaşdan peşəkarlıq tələb edir: "Bu baxımdan aidiyyəti sahədə fəaliyyətin müvafiq qanunvericilik aktlarının, nazirliyin əmr, göstəriş və kollegiya qərarlarının tələblərinə uyğun qurulması, profilaktik və əməliyyat-axtarış tədbirlərinin yüksək səviyyədə təşkili başlıca vəzifələrdən olmaqla davamlı surətdə həyata keçirilməlidir". 

    IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş quruculuq və abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin ifadəsi olduğunu xatırladan daxili işlər naziri bu mötəbər idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ciddi nəzarətdə saxlanılmaqla ardıcıllıqla yerinə yetirildiyini qeyd edib. Sözügedən beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması, habelə Oyunlara hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğu xüsusi vurğulanıb.

    Nazir bildirib ki, qarşıda duran mühüm vəzifələrdən biri də 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunmasıdır.

    Daha sonra DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Oqtay Kərimov məruzələrlə çıxış ediblər. 

    Məruzələrətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə görülmüş işlər barədə ətraflı danışılıb və qarşıda duran vəzifələr qeyd olunub.

    İclasa yekun vuran nazir əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələrin əldə edildiyini vurğulayıb.

    O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etməklə, onların dərindən təhlil edilərək aradan qaldırılması üçün adekvat tədbirlər görülməsini tələb edib, əməliyyat-xidməti fəaliyyətin digər vacib istiqamətlərinə, aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.

    R.Usubov çıxışının sonunda Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti üzərinə düşən bütün məsul vəzifələri əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.                                    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi