Yuxarı

DİN-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyuldu

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Daxili İşlər Nazirliyində (DİN) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin az müddət sonra regionu, sözün əsl mənasında, "qan çanağı"na çevirdiklərini, onların "Böyük Ermənistan" kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımların azərbaycanlılara qarşı kütləvi qətliamların və soyqırımı aktlarının reallaşması ilə nəticələndiyini, bu qanlı tarixin qısa fasilələrlə, dəfələrlə təkrarlandığını iştirakçıların diqqətinə çatdırıb.

İ.Əliyevin təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Nazir müavini xüsusi qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımılarının rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb. Ulu öndər Heydər Əliyev fərmanda 1918-ci ilin mart hadisələrini geniş şərh edib, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdikləri müsibətləri dünyaya bəyan edərək bu qanlı əməllərə düzgün siyasi qiymət verib və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırıb. Ulu öndərin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi həmin fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da proqram sənədidir. Bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində ümumiyyətlə təhrif olunduğunu təəssüflə qeyd edib.

O, real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan ətraflı məruzə ilə çıxış edib. Bildirilib ki, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən edilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr, 1991-1993-cü illərdə isə 20 faiz ərazisini itirib, yüz minlərlə insan isə soyqırımı nəticəsində məhv edilib.

Məruzədə xüsusən ötən əsrin əvvəllərindən başlayaraq imperiya qüvvələrinin, imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyi, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi, eyni zamanda, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulduğu diqqətə çatdırıb.

O da bildirilib ki, ulu öndərin kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və bu gün getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi