Yuxarı
    Bağlamaq

    DİN-də altı ayın yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib

    Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu deyib

    Bakı. 8 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyində 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

    Nazirliyin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, dünyada və onun ayrı-ayrı regionlarında mövcud siyasi gərginliklərə, iqtisadi böhrana baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla davam etdirilən hərtərəfli islahatlarda və quruculuq işlərində yaxından iştirak edən daxili işlər orqanları tərəfindən respublikada ictimai asayiş və təhlükəsizlik 2016-cı ilin altı ayında da etibarlı qorunub: "Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər davam edib, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər hüquq mühafizə strukturları ilə birgə həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb".

    O bildirib ki, daxili işlər orqanları və Daxili Qoşunlar digər hüquq mühafizə və xüsusi xidmət strukturları ilə qarşılıqlı əlaqədə ölkənin müxtəlif yerlərində keçirilmiş yüzlərlə kütləvi və beynəlxalq tədbirdə, o cümlədən "Formula - 1 Avropa Qran-Pri" yarışlarında asayişin və təhlükəsizliyin təmini sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər: "Şəxsi heyətin gərgin əməyi dövlət başçısı tərəfindən növbəti dəfə yüksək qiymətləndirilərək bir qrup əməkdaş dövlət mükafatları ilə təltif olunub, ali xüsusi rütbələrə layiq görülüb".

    Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov kollegiyada geniş məruzə ilə çıxış edib. O bildirib ki, hesabat dövründə məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb.

    Qeyd olunub ki, cinayətlərin açılması sahəsində əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət əvvəlki illərdə olduğu kimi, kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına yönəlib.

    Polis general-leytenantı Vilayət Eyvazov vurğulayıb ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib.

    Məruzə ətrafı çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

    İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

    Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında şəxsi heyətin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edən nazir, bununla yanaşı, kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib.

    Daxili işlər naziri deyib ki, daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, cinayətkarlığa qarşı mübarizədə əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir.

    Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini tam yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi