DİN-də 113 nəfər işə qəbul edilib

DİN-də 113 nəfər işə qəbul edilib Onlardan 6 nəfəri qadınlardır
Daxili siyasət
21 May , 2016 13:44
DİN-də 113 nəfər işə qəbul edilib

Bakı. 21 may. REPORT.AZ/ Bu gün Daxili İşlər Nazirliyində (DİN) cari ilin əvvəllərində kütləvi informasiya vasitələrində verilən elanlara uyğun olaraq, xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazir, general-polkovnik Ramil Usubov iştirakçıları əlamətdar hadisə - zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul üzrə keçirilmiş müsabiqənin şərtlərinə əsasən, dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası üzrə bitirmiş 183 məzunun sənədlərinin qəbul edildiyini, Müsahibə Komissiyasından keçərək müsbət nəticə əldə etmiş 113 nəfərin nazirliyə dəvət edildiyini bildirib. Daxili işlər nazirinin müvafiq əmri ilə müsabiqənin qaliblərindən 31 nəfəri əməliyyat müvəkkili, 71-i sahə inspektoru, 5-i təhqiqatçı, 3 şəxs kadr üzrə inspektor, 3 namizəd isə qeydiyyat və şəxsiyyət vəsiqəsi inspektoru vəzifələrinə təyin ediliblər. Onlardan 6 nəfəri qadınlardır.

Daxili işlər naziri gənc zabitlərə tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.

Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Son xəbərlər

Orphus sistemi