Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"

Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib" “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlara son qoyan bəyanatın imzalanmasından bir ildən çox vaxt keçir. Təəsüf ki, həmin sənədə əsasən Ermənistan üzərinə götürdüyü öhdəliklərin bir hissəsini hələ də yerinə yetirməyib”.
Daxili siyasət
26 Mart , 2022 16:00
Deputat: Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib

“Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlara son qoyan bəyanatın imzalanmasından bir ildən çox vaxt keçir. Təəsüf ki, həmin sənədə əsasən Ermənistan üzərinə götürdüyü öhdəliklərin bir hissəsini hələ də yerinə yetirməyib”.

Bu fikirləri "Report”a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

O xatırladıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında hələ də qanunsuz erməni silahlı dəstələri var: “Ermənistan Azərbaycan üçün Naxçıvana dəhliz təmin etməyib. Azərbaycanlılar hələ də Xocalıya və Azərbaycanın digər yaşayış məntəqələrinə qayıtmayıblar. Bundan əlavə, hərbi cinayətkarlar Arayik Aratunyan və Vitali Balasanyan hələ də Xankəndində “rəhbərlik” edir, yerli erməni əhalisinin arxasında gizlənir, diaspor yardımlarını oğurlayırlar. Bunlar bir qrup xırda fırıldaqçı və hərbi cinayətkarlardır ki, özlərini hökumət nümayəndəsi kimi təqdim edirlər və yeganə məqsədləri daha çox oğurluq edəndən sonra yerdə qalan erməniləri unudub Soçi və ya Qlendeylə köçməkdir”.

Deputat bildirib ki, Azərbaycan bu müddət ərzində çox səbirli olub, öhdəliklərini yerinə yetirib və təxribatlara təmkinlə reaksiya verib: “Bunun arxasında, heç şübhəsiz, seçdiyi kursdan, yəni Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindən heç kimin döndərə bilməyəcəyini dəfələrlə sübut edən Azərbaycan Prezidentinin strateji və uzunmüddətli baxışı dayanır. Bu müddət ərzində Xankəndinə Ermənistan və Fransadan bir neçə təxribat mahiyyətli səfərlər təşkil olunub ki, onların da məqsədi “DQR”in müəyyən subyektivliyini nümayiş etdirmək idi. “DQR rəsmiləri” mütəmadi olaraq bəyan edirlər ki, “DQR” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Eyni zamanda, bu ritorikanın İrəvanla razılaşdırıldığı da tamamilə göz qabağındadır. Eyni zamanda, Paşinyan özü də “DQR” mövzusundan yayınır və qeyri-müəyyən eyhamlara istinad edir ki, Ermənistan artıq bu məsələni ərazi mövzusu hesab etmir. İndi onun üçün bu, “hüquqlar məsələsidir”. O, açıq-aydın xalqların öz müqəddəratını təyinetmə hüququnu, ermənilərin ənənəvi olaraq ayrılma hüququ kimi şərh etdikləri beynəlxalq hüquqi prinsiplərdən birini nəzərdə tutur. Hansı ki, düzgün deyil. İstər erməni, istərsə də Azərbaycan xalqı çoxdan öz ərazilərində öz müqəddəratını təyin edib. Yəni Ermənistanın əsas məqsədi deyil, yalnız taktikasını dəyişib. Məqsəd isə eynidir - qonşulara qarşı ərazi iddiaları. Eyni zamanda Ermənistan bu gün sadəcə olaraq bu məqsədə nail ola bilmədiyini yaxşı dərk edir. Biz isə Ermənistanın məqsədini unutmamalı və ona uyğun hərəkət etməliyik, çünki bu mövqe regionda sülh üçün əsas təhlükədir".

N.Arpadarai vurğulayıb ki, “DQR” rejiminin və ordusunun qalıqlarını saxlamaq və gücləndirmək məqsədini daşıyan Ermənistanın birbaşa və dolayı yardımı Azərbaycana qarşı düşmən addımlarıdır: "Ermənistandan Azərbaycanın Qarabağ bölgəsində müvvəqəti yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasına qaz nəqli bunlardan biridir. Azərbaycanın son aylarda bu daşımalara müdaxilə etməməsi humanitar və texniki səbəblərlə asanlıqla izah olunur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni millətindən olan mülki şəxslərin isti evlərdə normal və təhlükəsiz yaşamaq hüququ var. Lakin Azərbaycan Ermənistanın Azərbaycan ərazisində hələ də qalan qanunsuz dəstələrə dəstəyinə göz yummağa borclu deyil. Bu həmçinin qaz nəqlinə şamil olunur. Azərbaycan bu gün üçtərəfli bəyanatın müddəaları çərçivəsində fəaliyyət göstərir. Bundan əlavə, sülhməramlı qüvvələrin kontingentinin normal fəaliyyəti təmin edilir. Lakin Azərbaycan qaz kəmərinin işləməsini təmin etmək kimi öhdəliyi üzərinə götürməyib. Deməli, onun işinə icazə verib-verməmək məsələsi Azərbaycanın öz qərarından asılıdır".

"Hökumətimiz müəyyən şərtlər daxilində humanitar məqsədlərini rəhbər tutaraq müəyyən həcmdə qazın nəqlinə icazə verə bilər. Məsələn, mülki əhali və sülhməramlı qüvvələrin kontingenti üçün lazım olan həcmdən söhbət gedə bilər. Eyni zamanda bu qazın necə istehlak edildiyinin monitorinqini tətbiq etmək lazımdır. Birincisi, istifadəçilərin siyahısını və sayını, eləcə də istehlakçılar üçün məqbul kvota müəyyən etməklə. Şübhəsiz, Azərbaycan qanunsuz erməni silahlı dəstələrini qazla təmin etməməlidir və etməyəcək. Bundan əlavə, bu mexanizm müəyyən müddət üçün nəzərdə tutula bilər. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə əvvəlcədən müəyyən edilmiş məqbul müddət ərzində istehlakçıların abonent kimi Azərbaycanın qazpaylayıcı sisteminə, eləcə də digər ictimai xidmətlərə qoşulması təmin edilməlidir. Mülki vətəndaşlar üçün bu, heç bir problem yaratmayacaq, lakin ərazidə hələ də qalan erməni silahlı qüvvələrin nazı ilə oynamaq öhdəliymiz yoxdur və onların fikri də bizi maraqlandırmır. Beləliklə, Erməni mediasının ümumdünya çağırışına və isterikasına baxmayaraq, bu mövqeyin ədalətli, qanuni və Azərbaycanın öz xalqı və beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə tam uyğun gəldiyini nümayiş etdirmək üçün Azərbaycanın aidiyyəti olan qurumlarının bunu həyata keçirə bildiyini düşünürəm", - deputat qeyd edib.

Son xəbərlər

Orphus sistemi