Bakı. 28 aprel. REPORT.AZ/ "Azərbaycan cəmiyyətində dövlət qulluğuna qəbulla bağlı müxtəlif və birmənalı olmayan yanaşmalar mövcuddur".
"Report"un məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı birinci mərhələ - test imtahanı problemsiz və şəffaf keçirilir: "Ancaq ikinci - müsahibə mərhələsi hər zaman problemli olur və narazılıq doğurur. Bu gün müzakirəyə çıxarılan dəyişikliklər qəbul olunarsa, narazılıqlar artacaq. Həmişə müsahibənin əleyhinə olmuşam və bu gün də onun əleyhinəyəm. Dövlət qulluğuna qəbul zamanı müsahibə tamam yığışdırılmalıdır".
Ç.Qənizadə bildirib ki, işə qəbulla bağlı müsahibə mərhələsinin müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilməsini düzgün deyil: "Yenə də icra başçıları öz əmioğlanlarını, dayıuşaqlarını siyahılara salacaq və istədikləri adamı müsahibədən keçirəcəklər. Hesab edirəm ki, dövlət qulluğuna qəbulla bağlı ancaq test imtahanı saxlanmalıdır, müsahibə tamam ləğv olunmalıdır. Şəxsən mən bu sənədin əleyhinəyəm və plenar iclasa çıxarılacağı təqdirdə də onun əleyhinə səs verəcəyəm".