Deputat: “Biz təkcə AXCP və Müsavata deyil, bu əqidədə olan hər kəsə qarşı barışmaz mövqedəyik”

Deputat: “Biz təkcə AXCP və Müsavata deyil, bu əqidədə olan hər kəsə qarşı barışmaz mövqedəyik” Aydın Hüseynov: "Yaxın gələcək üçün manatın məzənnəsi möhkəmlənəcək"
Daxili siyasət
29 Avqust , 2017 13:47
Deputat: “Biz təkcə AXCP və Müsavata deyil, bu əqidədə olan hər kəsə qarşı barışmaz mövqedəyik”
Report.az

Aydın Hüseynov: “Milli Məclisdə deputatlar arasında isti münasibətlər var

Bakı. 29 avqust. REPORT.AZ/ Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun “Report”a müsahibəsi.

- Hazırda ölkədəki iqtisadi durumu necə qiymətləndirirsiniz?

- Azərbaycanda iqtisadi siyasət birmənalı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu siyasətin ən başlıca xüsusiyyəti işlərin elmi təhillərə, metodologiyaya əsaslanmasıdır. Yəni burada addımlar təsadüfi deyil, düşünülmüş şəkildə atılır, qarşıya çıxacaq risklər əvvəlcədən nəzərə alınır. Eyni zamanda həyata keçirilən siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının sosial-rifah halının yüksəldilməsidir. Əldə olunan nailiyyətlər ölkəmizdə iqtisadi vəziyyətin sabit, dayanıqlı olduğunu deməyə əsas verir.

- Sizcə növbəti mərhələdə vəziyyət necə olacaq?

- Azərbaycanda 2016-cı il böyük islahatlar ili kimi yadda qalıb. Doğrudan da həmin il islahatlar həyata keçirildi, qanunvericilik bazasına mühüm dəyişiklik edildi, struktur dəyişikliyi oldu. Bu, artıq öz bəhrəsini verməkdədir. Bilirsiniz ki, Strateji Yol Xəritəsi təsdiqlənib, bu istiqamətdə işlər aparılır. Ölkənin həm ümumi daxili məhsulu, həm də valyuta ehtiyatları artıb. Son 6 ayda strateji valyuta ehtiyatımız 1 milyarddan çox artıb. Büdcənin gəlir hissəsi də normaldır. Bir sözlə, respublikanın bütün makroiqtisadi göstəriciləri artımla müşayiət olunur. Ölkənin iqtisadi gücü getdikcə daha da möhkəmlənir. Azərbaycanda sənaye, informasiya-kommunikasiya sektoru, kənd təsərrüfatı, turizm daha da inkişaf edir. Bu da ölkənin iqtisadi potensialının daha da artmasına zəmin yaradacaq.

- Bəs manatın məzənnəsində hər hansı dəyişiklik ola bilərmi?

- Manatın məzənnəsi xeyli müddətdir sabitdir. Məzənnəni birjadakı tələblə təklif arasındakı münasibətlər tənzimləyir. Eyni zamanda bu məsələdə ölkənin valyuta ehtiyatlarının həcmi də əsas amillərdəndir.

- Ümumiyyətlə, manatın məzənnəsinin inzibati qaydada idarə edildiyi iddaları var. Bunun əsası varmı?

- Deyilənlər və fakt ayrı-ayrı şeylərdir. Fakt ondan ibarətdir ki, manatın məzənnəsini yuxarıda qeyd etdiyim faktorlar tənzimləyir. Deyilənləri ciddi fikir kimi qəbul etmirəm.

- Manatın məzənnəsinin 2018-ci ildə keçiriləcək prezident seçkisinə qədər sabit qalacağı da iddia olunur...

- Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin həyata keçirdiyi siyasətin əsasında Azərbaycan xalqının maraqları dayanır, seçkiyə hesablanacaq görüntü yaradılmır. Aparılan siyasətin əsas məqsədi vətəndaşların sosial rifah halının yüksəldilməsidir. Manatın məzənnəsinin stabilləşməsinin seçkilərlə əlaqəsi yoxdur. Bu, həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir. Cənab İlham Əliyev birinci dəfə prezident seçiləndə platformasını açıqlayıb. Həmin vaxtdan ulu öndər Heydər Əliyev siyasi kursuna söykənən siyasət müəyyənləşdirilib, indi də həmin siyasət davam etdirilir. Bütövlükdə iqtisadiyyat öz bəhrəsini verirsə, burada manatın məzənnəsini ayrıca təhlil etmək doğru deyil. Seçki 2018-ci ilin oktyabrında keçiriləcək, hələ 1 il 2 ay müddət qalıb. Bu müddət ərzində manatın məzənnəsini süni şəkildə saxlamaq qeyri-mümkündür və bu yalnız real iqtisadi amillərə əsaslanır. 

- Yaxın bir ildə konkret olaraq manatın məzənnəsində dəyişiklik olacaqmı?

- Yaxın gələcək üçün manatın məzənnəsi möhkəmlənəcək. Hesab edirəm ki, məzənnədə mənfiyə doğru dəyişiklik olmayacaq. Artıq təcrübəmiz var ki, valyuta ehtiyatlarından hansı formada istifadə edilməlidir, risklər nədən ibarətdir. Manatın məzənnəsinə təsir edən amilləri görürük. Bundan çıxış yolları da müəyyənləşdirilib, maliyyə-bank sistemində sağlamlaşdırma tədbirləri həyata keçirilib.

- Bəs qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı addımlar fayda verirmi?

- Bəzən elə başa düşürlər ki, Azərbaycanda qeyri-neft sektoru ilə bağlı addımlar dünya bazarlarında neftin qiymətinin düşməsindən sonra atılıb. Elə deyil, neftin qiymətinin yüksək olduğu dövrlərdə də Prezident İlham Əliyev bəyan edirdi ki, neft məqsəd deyil, vasitədir. Neftdən gələn gəlirdən düzgün istifadə edilərək digər sahələrin inkişaf etdirilməsinə yönəldildi. Qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bu gün həmin siyasətin bəhrəsini görürük.

- Pambıqçılığın inkişaf etdirilməsi nə dərəcədə faydalı ola bilər? Bunun effekti olacaqmı?

- Bəli, bu artıq öz bəhrəsini verir. Pambıq strateji məhsul sayılır. Bu baxımdan həmin məhsulun valyuta gətirəcəyinə şübhə yoxdur. Bu kimi strateji məhsulların alıcısı var. Ümumiyyətlə, əvvəlcə hər bir məhsulun alıcısının olub-olmasını fikirləşmək lazımdır. Pambığa dünya bazarında daim tələbat olur. Azərbaycanda pambıqçılıq ənənəsi var. Bu sahə daha da inkişaf etdiriləcək.

- Aydın müəllim, siz həm də YAP-ın İqtisadi Məsələlər Komissiyasının sədr müavinisiniz. İclaslarınız olurmu, komissiyanın fəaliyyəti nədən ibarətdir?

- Komissiyanın sədri Eldar İbrahimovdur, təcrübəli iqtisadçıdır. Komissiya iş planına uyğun olaraq fəaliyyət göstərir. Burada əsas xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nailiyyətlərinin təbliği, qarşıda duran vəzifələrin mahiyyətləridir. İldə iki dəfə iclas olur. İclaslar zamanı fikir mübadiləsi, məsləhətləşmələr aparılır, təkliflər verilir.

- Heç mətbuata verdiyiniz şərhə görə partiya rəhbərliyi tərəfindən sizə irad tutulubmu?

- 1999-cu ildən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüyəm. Bizim vəzifəmiz YAP-ın müəyyən etdiyi siyasi kursa uyğun olaraq fəaliyyətimizi qurmaqdır. YAP Azərbaycan xalqının arzu və istəklərinin təmsilçisidir. Biz müəyyənləşdirilmiş istiqamətlər üzrə işimizi qururuq, bundan kənar hal olmur.

- Gələn il ölkədə prezident seçkisinin keçirilməsi nəzərdə tutulur. Hazırda YAP bu istiqamətdə hansı addımlar atır?

- Yeni Azərbaycan Partiyasının gündəlik işi seçkiyə hesablanıb. YAP digər partiyalar kimi təkcə seçki gününü gözləmir. Yəni seçki dönəmində ortaya çıxmaq, yalnız mətbuatda özünü göstərmək bizə yad xüsusiyyətdir. Həm də biz seçki deyəndə təkcə prezident seçkisini deyil, ümumilikdə seçkiləri nəzərdə tuturuq. Buraya prezident, parlament və bələdiyyə seçkiləri daxildir. Sadəcə, prezident seçkisi daha böyük proses olduğu üçün xüsusi hazırlaşırıq.

- Bəs partiyanın növbəti prezident seçkisində namizədi ilə bağlı fikir nədən ibarətdir?

- Prezidentliyə namizəd Yeni Azərbaycan Partiyasının qurultayında müəyyənləşir. Nizamnaməyə uyğun olaraq qurultay 2018-ci ildə keçiriləcək. Qurultayda partiya prezidentliyə namizədini irəli sürəcək. Mətbuatda yazılanları, ölkə həyatında baş verənləri görürük. Bu baxımdan deyə bilərəm ki, növbəti seçkilərdə də bu siyasət davam etdirilməlidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının maraqlarını tam ifadə edir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövləti daha da qüdrətlənib, dünya dövlətləri arasında öz layiqli yerini tutub, regionda güc mərkəzinə çevrilib. Azərbaycan xalqı birmənalı olaraq bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etməsini istəyir və buna alternativ görmür. 

- Siz Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüsünüz. Bir neçə ay əvvəl Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Hazırda təşkilatın qeydə alınması istiqamətində hansı işlər görülür?

- Bu təşkilatı Rusiya vətəndaşı olan azərbaycanlılar təsis ediblər. Bu, hüquqi baxımdan Rusiya dövləti ilə vətəndaşları arasında baş verən prosesdir. Əlbəttə, biz də çox istərdik ki, Rusiyada yaşayan soydaşlarımızın təmsil olunduğu təşkilat normal fəaliyyət göstərsin.

- Həmin təşkilatın qeydiyyatının ləğv edilməsi Azərbaycanda birmənalı qarşılanmayıb…

- Bu gün Rusiya ilə Azərbaycan arasında çox möhkəm dostluq əlaqələri var. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında səmimi dostluq münasibətləri mövcuddur. Bu, ölkələr arasındakı münasibətə də yaxşı mənada təsir göstərir. Azərbaycanlıların təşkilatının qeydiyyatının ləğv olunması ilə Rusiya Ədliyyə Nazirliyinin addımı ölkələrarası münasibətə təsir edə bilməz. Əlbəttə ki, biz xaricdəki azərbaycanlıların taleyinə biganə də yanaşa bilmərik. İstərdik ki, Rusiyadakı azərbaycanlıların da maraqları qorunsun. Düşünürəm ki, bu məsələni siyasi kampaniyaya çevirmək əhəmiyyətsizdir.

- Siz bir neçə vəzifə daşıyırsınız, üstəlik də mətbuatla sıx əlaqədəsiniz. Vaxtınızı necə bölüşdürürsünüz?

- YAP-ın Qaradağ rayon təşkilatının sədri, eyni zamanda həmin rayonun deputatıyam. Bu, eyni bir işin tərkib hissəsidir. 1992-ci ilin dekabrından Yeni Azərbaycan Partiyasının üzvüyəm, 1993-cü ildə partiyanın Qaradağ rayon təşkilatı yaradılanda sədr müavini seçilmişəm. Bu işlər mənim həyat tərzimdir. YAP sıralarında öyrənib, təcrübə toplamışıq. Vaxt azlığından şikayətçi deyiləm.

- Milli Məclisə uyğunlaşa bilmisinizmi?

- Bu, mənə çətin olmadı. Çünki uzun illərdir bütün siyasi proseslərdə Milli Məclisin deputatları ilə birgə fəaliyyət göstərir, bütün tədbirlərdə birlikdə olurduq. Bu baxımdan ab-hava əvvəlcədən mənə doğma idi.

- Deputat həmkarlarınızla münasibətiniz necədir?

- Deputatların hamısı ilə münasibətlərim normaldır. Doğrudan da Milli Məclisdə deputatlar arasında isti münasibətlər var. Bununla belə, Milli Məclisdə Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər partiyaların da nümayəndələri təmsil olunur. Deməyim odur ki, siyasi baxışlar ayrı, şəxsi münasibətlər isə başqadır.

- Tətildə harada dincəlmisiniz?

- Tovuz rayonunda dincəlmişəm. Uzun müddətdir Tovuzda bu qədər olmamışdım. İnsanın doğulduğu yer istirahət üçün bəzən daha rahat olur.

- Yəqin ki, məzuniyyət müddətində hansısa istirahət mərkəzinə getmisiniz. Şərait, göstərilən xidmət sizi qane etdimi?

- Turizm Azərbaycanda yeni sahədir. Artıq Avropa standartlarına uyğun otel şəbəkələrimiz var. Amma çatışmazlıqlar da mövcuddur, püxtələşmə mütləq lazımdır. Görünür, bunun üçün müəyyən müddət keçməlidir.

- Bəs çatışmazlıq nədən ibarətdir?

- Turizm sektoruna təcrübəli menecerlər lazımdır. Yeganə boşluq budur. İnanıram ki, bu da öz həllini tapacaq. Bunun üçün mütləq zaman lazımdır.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Demək olmaz ki, bütün günü işlə məşğul oluram. Təbii ki, istirahət də edirik. Amma xüsusi olaraq “asudə vaxt” ifadəsi mənim leksikonumda yoxdur. İstirahətin özü bir işdir, ailənin problemləri, onlara vaxt ayırmaq, həmçinin dostlar və s.

- Övladlarınız onlara az vaxt ayırmaqdan narazılıq etmirlər ki?

- Övladlarım tələbədir. Onların özünün məşğuliyyət sahəsi var. İnanın pafoslu demirəm, ailə quranda partiyada təmsil olunurdum, siyasi fəaliyyətlə məşğul idim. Yəni artıq mənim iş fəaliyyətimə öyrəşiblər.

- Övladlarınız hansı ixtisas üzrə təhsil alırlar?

- İkisi də iqtisadiyyat üzrə təhsil alır. İqtisadiyyat geniş sahədir. Oğlum dövlət xətti ilə xarici universitetlərdən birində mühasibatlıq üzrə təhsi alır. Çox istərdim ki, o, öz ixtisası üzrə peşəkar olsun. Bu, daha da faydalı olar.

- Bəzən məmurları, deputatları axşamüstü şəhərdə sərbəst geyimdə görürük. Amma nədənsə sizi görmürük və həmişə də kostyumda olursunuz. Bu cür sizə sıxıcı deyil?

- Hər bir adamın seçdiyi geyim forması var. Bu, öyrəşməkdən asılıdır. Belə deyim, kostyum mənə sıxıcı deyil, əksinə rahatdır. Amma sərbəst geyimdə də oluram. Şəhərdə görünməməyimin səbəbinə gəlincə, mən Qaradağ rayonunda fəaliyyət göstərirəm deyə şəhərdə az-az oluram. Qaradağ şəhərdən uzaqdır axı...

- Avtomobili özünüz idarə edirsiniz?

- Sürücüm var. Amma bəzən özüm də sürürəm. Sürücü ilə vaxtı bölüşdürmüşük, şənbə-bazar günləri və yaxud sürücünün şəxsi işləri olanda maşını özüm sürürəm. İkimizin bir maşını var.

- Yol polisi ilə probleminiz olurmu?

- Mən uzun müddətdir avtomobil idarə edirəm, hələ məni haqsız yerə saxlayan polis görməmişəm. Bəzən olur ki, öz vəzifəsini düzgün icra etməyən yol polisi əməkdaşları ilə də rastlaşırıq…

- Bəlkə sizi tanıyırlar, ona görə saxlamırlar?

- 2015-ci ildən deputatam. Bundan əvvəl deputat deyildim axı... İndiyədək görməmişəm ki, hər hansı qanun pozuntusu olmadan yol polisi kimisə saxlasın. Məni saxlamayıb. Polislər yol hərəkəti qaydalarına riayət olunmasını tənzimləyirlər. Bu qaydalar da Milli Məclisdə qəbul edilib.

- Seçicilərlə işləmək çətindir? Bəzən deputatlığa namizəd seçki kampaniyası dövründə seçicilərlə sıx əlaqədə olur, hətta telefon nömrəsini hər kəsə verir. Amma deputat seçildikdən sonra onu tapmaq olmur, telefonlarına da zəng çatmır...

- Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edirəm, 20 ilə yaxındır hakim partiyanın rayon təşkilatının sədriyəm, Qaradağda digər məsul vəzifələrdə çalışmışam. Rayonun əksər sakinləri ilə bir-birimizi tanıyırıq. Biz partiyanı təmsil etməyimizin məsuliyyətini dərk edirik, etimadı doğrultmağa çalışırıq. Rayonda hər kəs partiyanın qərargahını tanıyır, hər gün işdə oluram. Seçicilərlə tez-tez görüşürük. Qaradağda seçici-deputat problemi yoxdur. Azərbaycanda nümunəvi deputat obrazını Prezident İlham Əliyev formalaşdırıb. 1995-ci ildə keçirilən parlament seçkilərində cənab İlham Əliyev Qaradağdan deputat seçilmişdi. O dövrdə gənc olmasına baxmayaraq, Milli Məclisdə deputat obrazını yaratdı. Deputat hansı funksiyaları yerinə yetirməlidir, beynəlxalq qurumlarda ölkəni necə təmsil etməlidir? Biz bunları Prezident İlham Əliyevin fəaliyyətində gördük.

- Bəs müxalifətlə münasibətiniz necədir?

- Yeni Azərbaycan Partiyası yarananda müxalifətdə olub. Yəni mən YAP-ın üzvü olaraq müxalifət dövrü yaşamışam. YAP-ın başlıca prinsiplərindən biri dövlətçilik, qanunçuluqdur. Yəni dövlətçilik amalı və qanunçuluq prinsipləri bizdən ötrü hər şeydən önəmlidir. YAP müxalifətdə olanda da dövlətçilik və qanunçuluq prinsiplərinə əməl edib. Həmin dövrdə qanunlara riayət edirdik, dövlətin güclü olmasını istəyirdik. Bilirsiniz ki, 1992-1993-cü illərdə dövlət çox zəif idi, amma YAP bundan istifadə edərək hər hansı qarşıdurma yaratmadı. Əksinə, stabilliyin qorunması üçün addımlar atırdı. Biz müxalifət dövrünü bu cür yaşamışıq, indi də özünü “müxalifət” adlandıranlardan bunu istəyirik. Amma təəssüf ki, Azərbaycan dövlətinin nüfuzuna, xalqın milli maraqlarına zidd mövqedə dayanan müxalifət partiyaları da var. Bu mövqeyə qarşı barışmazıq. Çünki belələri dağıdıcılıqla məşğuldurlar.

- Konkret hansı partiyaları nəzərdə tutursunuz?

- Belə partiyaların sayı çox deyil, amma var. Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Müsavat Partiyasının və digərlərinin adını çəkə bilərəm. Bu, bir faktdır, onların elə bir gücü və nüfuzu yoxdur ki, siyasi proseslərə təsir edə bilsinlər. Həmin partiya rəhbərlərinin başlıca fəaliyyəti dövlətə qarşı satqınçılıqla məşğul olmaqdır. Məsələn, Əli Kərimli... Onun fəaliyyəti həmişə Azərbaycan dövlətçiliyinin əleyhinə olub. Onların əlinə fürsət düşsə, görün nələr edərlər? Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə inkişaf edir, nailiyyətlər qazanır. Xalqla Prezident arasında səmimi münasibətlər var. Azərbaycan demokratik ölkədir, müxalif düşüncəyə malik insanların olması normaldır. Amma bir daha qeyd edirəm ki, Azərbaycan dövlətçiliyi əleyhinə mövqe sərgiləyənlərə qarşı barışmaz mövqedəyik.

- AXCP və Müsavat haqqında dediklərinizdən belə başa düşdüm ki, həmin partiyalara qarşı barışmaz mövqedəsiniz...

- Həmin partiyaların mövqeyi Azərbaycan dövlətçiliyinə, xalqın milli maraqlarına ziddir. Biz isə təkcə AXCP və Müsavata deyil, bu əqidədə olan hər kəsə qarşı barışmaz mövqedəyik.

Son xəbərlər

Orphus sistemi