Deputat: “Barəmdə deyilənlər şər-böhtandır” - MÜSAHİBƏ

Deputat: “Barəmdə deyilənlər şər-böhtandır” - MÜSAHİBƏ Cavid Osmanov: “Qarabağ”ın oyunundan çıxanda islandım”
Daxili siyasət
276
16 Oktyabr , 2017 10:12
Deputat: “Barəmdə deyilənlər şər-böhtandır” - MÜSAHİBƏ
Report/ Firi Salim

“Qarabağ”ın oyunundan çıxanda islandım”

“Diplomum saxta deyil”

Bakı. 16 oktyabr. REPORT.AZ/ 90 saylı Ağdaş seçki dairəsinin deputatı, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanovun "Report"a müsahibəsi

- Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini olmusunuz. Bir ildən artıqdır ki, Milli Məclisin deputatısınız. Hansı iş sizə daha rahatdır?

-  Milli Məclis qanunverici orqandır, icra hakimiyyətləri isə icraedici orqanlardır. Təbii ki, fərqli qurumlardır. Oxşar cəhətlər ondan ibarətdir ki, hər iki sahədə vətəndaşlarla işləyir, onların problemləri ilə məşğul olursan. Ona görə də mənim üçün ciddi problem yaranmayıb.

- Amma plenar iclaslarda çıxış etmirsiniz...

- Milli Məclisin Regional məsələlər komitəsinin bütün iclaslarında çıxış edirəm, müəyyən məsələlərə münasibət bildirirəm. Ümumilikdə isə hansısa məsələ ilə bağlı fikir bildirmək istəyəndə, çalışıram onu cəmiyyətə kütləvi informasiya vasitəsilə çatdıram. 

- Ümumiyyətlə, indiyədək hansısa layihə təklifi ilə çıxış etmisinizmi?

- Üzvü olduğum komitə iclaslarında qanunlara əlavə və dəyişikliklər təklif ediləndə, fikirlərimi bildirirəm. Özüm də müəyyən təşəbbüslə çıxış edirəm. Təkliflərim əksər hallarda nəzərə alınıb.

- Parlamentdə bələdiyyələrlə bağlı qanunlara əlavə və dəyişikliklər edilib. Sizcə, bələdiyyələrin fəaliyyətində hansısa çatışmazlıqlar varmı?

- Azərbaycanda bələdiyyələr yeni formalaşıb, yəni, uzunmüddətli deyil. Avropa dövlətlərinə, Türkiyəyə baxsaq görərərik ki, bu ölkələrdə bələdiyyələr 10 illiklərdir fəaliyyət göstərirlər. Azərbaycanda bu sahədə çətinliklər var. Bütün bunlara baxmayaraq, aparılan islahatlar, qəbul olunan qanunlar bələdiyyələrin inkişafına təkan verir. Bu proses davam edir.

- Siz Milli Məclisə təkrar seçkilərdə seçilmisiz. Formalaşmış yeni parlamentə gəlmək çətin olmadı ki?

- Hər bir işdə ilk addımlar çətinlik olur. Milli Məclisə tez adaptasiya oldum. Çünki Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini olmuşam. Bundan başqa, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədriyəm. Ona görə də müəyyən tədbirlərdə, görüşlərdə mütəmadi iştirak edirdik. Milli Məclisin deputatları ilə əlaqədə idim, tanışlığım var idi. Bu baxımdan Milli Məclisə uyğunlaşmağım o qədər də çətin olmadı. Yəni, mühit tanış idi.

- Ümumiyyətlə, deputat olmaq fikriniz vardımı? Yoxsa Yeni Azərbaycan Partiyasının təklifini nəzərə alıb namizədliyinizi irəli sürmüsünüz?

- Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədriyəm. Partiyanın hər bir qərarı mənim üçün alidir, müqəddəsdir. YAP rəhbərliyinə, xüsusilə partiyanın sədri, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, təşkilatın İdarə Heyətinin qərarı ilə deputatlığa namizədliyim irəli sürüldü.

- Bu, həm də sizin istəyiniz idi?

- Təbii ki...

- Bəs seçki kampaniyası zamanı namizədliyinizi niyə geri götürmək istəmisiniz?

- Hər bir seçki kampaniyasına qara piar işə düşür. Bu məsələdə mənim hansısa opponentim tərəfindən irəli sürülüb. Mən deputatlığa namizədliyim irəli sürüldükdən heç vaxt geri çəkilmək haqqında düşünməmişəm.

- Sizin rəqiblərinizdən biri də Ümid Partiyasının sədri İqbal Ağazadə idi. Sizcə, güclü rəqib idi?

- Yeni Azərbaycan Partiyası Azərbaycanın, o cümlədən Cənubi Qafqazın aparıcı partiyasıdır, ən böyük təşkilatdır. YAP indiyədək keçirilən bütün seçkilərdə qalib gəlib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində həmişə öndə olub. İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsinə keçirilən seçkilərdə hakim partiya böyük səs üstünlüyü ilə qalib gəldi. Qeyd edim ki, YAP-ın Ağdaş rayon təşkilatının 17 mindən artıq üzvü var.

- Ümid Partiyasının namizədini rəqib hesab etmirdiniz?

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasına rəqib partiya yoxdur.

- İddia olunurdu ki, siz vaxtından əvvəl təşviqata başlamısınız, digərlərinə təzyiq etmisiniz, yəni inzibati resusrlardan istifadə etməyə çalışmısınız. Hətta bununla bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər də daxil olub...

- Hər halda həmin vaxt ölkədə bir seçki dairəsində seçki keçirilirdi, bütün diqqət orada idi. Mərkəzi Seçki Komissiyasına göndərilən şikayətlər araşdırılıb. Proses şəffaf olub, yəni burada hər hansı neqativ haldan söhbət gedə bilməz. Deyilənlər isə şər və böhtan idi.

- Hazırda İqbal Ağazadə və digər namizədlərlə münasibətiniz necədir?

- İqbal Ağazadə ilə nə əvvəl, nə də seçki prosesində heç bir münasibətim olmayıb. Məndən başqa 6 namizəd vardı. Onların bəziləri rayonda yaşayan idilər, tanıyırdım. Amma digərləri ilə münasibətim olmayıb. Onlardan hansısa ilə münasibətim pis olmayıb. Hətta mən deputat seçildikdən sonra bəzi namizədlər təbrik etdilər. Təbii ki, mən də kimsə qalib gəlsəydi, onu təbrik edəcəkdim.

- Özünüzlə bağlı internetdə yayımlanan məlumatlarla tanışsınızmı?

- Bəli, haqqımda gedən yazılarla tanış oluram. Mətbuatı mütəmadi izləyirəm.

- Sizinlə bağlı nədənsə dolğun məlumat tapmaq olmur, hətta təvəllüdünüz belə, konkret yazılmayıb...

- “Facebook” sosial şəbəkəsində səhifəm var. İstənilən vaxt vətəndaşlar sosial şəbəkə vasitəsilə də mənimlə əlaqə saxlaya bilirlər. Ayda bir dəfə Ağdaş rayonunda seçiciləri qəbul edirəm, problemlərini dinləyirəm, həll etməyə çalışıram. 1975-ci ildə doğulmuşam. Təvəllüdümün səhv yazılmasından xəbərim yoxdur. Mənə aid səhifələrdə təvəllüdüm düzgün yazılıb. (gülür)

- Ağdaş rayon icra hakimiyyəti başçısının birinci müavini işləyəndə rayon icra başçısı yanında dini komissiyasının sədri olmusunuz. Dindarlarla münasibətiniz necə idi?

- Azərbaycanda din dövlətdən ayrıdır, münasibətlər qanunla tənzimlənir. Bütün rayonlarda rayon icra hakimiyyətləri başçılarının birinci müavinləri həm də Dini Komissiyasının sədridir. Dindarla normal münasibətlərim olub. Rəsmi tədbirlərdə və ya ayrıca görüşlərimiz olub. Radikal dini cərəyanların qarşısının alınması məqsədi ilə müzakirələrimiz olub, fikir mübadiləsi aparmışıq. Yəni, dindarlarla münasibətim iş müstəvisində olub.

- Bəlkə komissiya sədri olduğunuza görə sizin radikal dini cərəyanlarla yaxın olduğunuz iddia edilirdi?

- Onu yazdıranlar heç bilmirdilər ki, Dini Komissiyasının sədriyəm. Sadəcə, bu, növbəti şər, böhtan idi. Seçki kampaniyasında həmişə bir namizəd digərini qaralamağa çalışır. Amma mən heç bir rəqibimə qarşı bu cür addımlar atmamışam.

- Sizin diplomunuzun saxta olması ilə bağlı da fikirlər səslənirdi...

- Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. Diplomumun saxta olması ilə bağlı deyilənlər böhtan idi. İlk təhsilimi 1994-cü ildə Təhsil Nazirliyinin göndərişi ilə Misirin Qahirə Universitetində ingilis dilində almışam. İxtisasım biznes olub. Birinci kursu bitirdikdən sonra təhsili Dövlət İdarəçilik Akademiyasında davam etdirdim.

- Sizin də mövqeyinizi bilmək maraqlı olardı. Bu ay Aşura mərasiminə azyaşlı uşaqların aparılması birmənalı qarşılanmadı, hətta deputat həmkarlarınız da buna etiraz etdi. Sizin bu məsələyə münasibətiniz necədir?

- Azyaşlı uşaqların o cür mərasimlərdə iştirakının əleyhinəyəm. Azərbaycan inkişaf etmiş sivil ölkədir. Ölkədə tolerantlıq mühiti mövcuddur. Mən istərdim, həmin uşaqlar o cür mərasimlərə getməkdənsə, məktəbə gedib təhsil alsalar, daha yaxşı olar. Azyaşlıların dini mərasimlərə qoşulması pis haldır.

- Ağdaşda seçicilərlə, xüsusilə sahibkarlarla münasibətiniz necədir. Qarşılıqlı anlaşa bilirsinizmi?

- Ağdaşda seçicilərlə, bütün təbəqələrlə münasibətim normaldır. Hətta çox yaxşıdır. Rayon icra hakimiyyəti başçısının 10 il birinci müavini olmuşam. Bu vəzifədən əvvəl digər strukturlarda çalışmışam. Həmin müddətdə bütün təbəqələrlə xoş münasibətim olub.

- Bəzən deputatlar seçicilərin problemlərinin həlli üçün imkanlı şəxslərdən, sahibkarlardan kömək istəyirlər. Sizdə belə hal olubmu?

- Çalışıram ki, kiməsə əziyyət vermədən problemləri həll edəm. Seçicilərin problemləri ilə bağlı nazirliklərə, komitələrə müraciət edirəm, problemləri bu cür həll etməyə çalışıram. Hər bir vətəndaşın narazılığına baxılmalıdır, haqlı olanların işi həll edilməlidir.

- Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla münasibətiniz necədir?

- Münasibətlərimiz normaldır. Bütün işləri qarşılıqlı əlaqələr əsasında qurmaq lazımdır. Müavini olduğum müddətdə də münasibətim yaxşı olub, elə indi də münasibətlərimiz qaydasındadır.

- İdmanla məşğul olursunuz?

- Xüsusi idman növü ilə məşğul olmuram. Daha çox gəzirəm. Həftənin altı günü bunu edirəm.

- İctimai nəqliyyatdan istifadə edirsiniz?

- Bəzi məqamlarda ictimai nəqliyyatdan istifadə edirəm. 

- Məsələn, “Qarabağ”-“Roma” qarşılaşmasını izləmək üçün stadiona necə getdiniz?

- Sözün düzü, çox çətinliklə getdim.

- Həmin oyun zaman təşkilatlanma necə idi? Qane etdimi sizi?

- Müxtəlif saytlarda xəbərlərə, şəkillərə baxanda da görünürdü ki, həqiqətən problemlər yaşanıb, avtobusların sayı az olub. Bu, doğrudan da belə idi. Həmin vaxt yağış yağırdı. Nəticədə mən özüm də islandım.

- Xarici dil olaraq ingilis dilindən başqa hansı dilləri bilirsiniz?

- Rus dilini də bilirəm.

- Ali təhsilinizin bir hissəsini Misirdə almısınız. Bu ölkədə qalmaq barədə düşünməmisiz ki?

- Ailə çətinlikləri olduğu üçün məcbur olub Azərbaycana qayıtdım.

- Övladlarınızla münasibətiniz necədir. Məsələn, ixtisas seçimində hər hansı müdaxilə etdinizmi?

- İki qızım var. Böyük qızım Qərb Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin birinci kursunda təhsil alır. Kiçik qızım isə 10-cu sinifdə oxuyur. Hər zaman istəmişəm ki, övladlarım ali təhsilli olsunlar. Onlar da hansısa peşəyə yiyələnərək ölkənin inkişafında rol oynasınlar. Övladlarım mənə hər hansı məsələ ilə bağlı müraciət etdikdə kömək etməyə çalışıram, dəstək oluram. İxtisas seçimi də onların öhdəsindədir. Onların sərbəst fikirlərinə hörmətlə yanaşıram. Böyük qızım ixtisas seçimində mənimlə məsləhətləşdi, tövsiyələrimi verdim, yekunda əsas kimi onun fikri oldu.

- Mütaliə edirsinizmi?

- Daha çox qəzet oxuyuram.

- Bəzi deputatlar asudə vaxtlarında şeir yazır, yaradıcılıqla məşğul olurlar. Sizdə necə, alınırmı?

- Xeyr, yaradıcılıqla məşğul olmuram.

Son xəbərlər

Orphus sistemi