Milli Məclisin deputatı Fəzail Ağamalı Qarabağda antiterror tədbirlərinin başladığı günün əbədiləşdirilməsini təklif edib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, antiterror tədbirləri ilə Qarabağdakı erməni terroruna və separatizminə son qoyuldu: “Bu gün Azərbaycan özünün qürurlu günlərini yaşayır. 200 illik tarixdə öz vəhşilikləri ilə seçilən ermənilik Qarabağda artıq son günlərini yaşamaqdadır”.
Deputat təklif edib ki, həmin gün, sentyabrın 19-u Milli Məclis səviyyəsində əbədiləşdirilsin.
“Ermənilər son günlərini yaşadığından bütün istiqamətlərdə Azərbaycana qarşı böhtan və qərəzli yanaşmalarını davam etdirirlər. Təbii ki, dövlət başçımız öz komandası ilə bu kimi addımlara yüksək səviyyədə cavab verir və onlar ard-arda məğlub olur. Hesab edirəm ki, deputatlar və digər peşə sahibləri beynəlxalq tribunalarda onları ifşa edəcək çıxışlar etməlidirlər”, - F.Ağamalı əlavə edib.