"Milli Parkda şəxsi məqsədli audiovizual çəkilişlərlə bağlı hər hansı razılaşdırma nəzərdə tutulmur".
"Report" xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, Milli Park ərazisində bu günə qədər media subyektləri, incəsənət nümayəndələrinin müraciətləri əsasında onlar tərəfindən aparılmış peşəkar çəkilişlərə İdarə tərəfindən rəsmi olaraq qadağa qoyulmayıb, yaxud xüsusi icazə sənədinin alınması tələb olunmayıb. Milli Parka gələn qonaqlar, sadə vətəndaşlar və turistlər tərəfindən aparılan şəxsi audiovizual çəkilişlərə isə, ümumiyyətlə, hər hansı bir müdaxilə olmayıb.
Dənizkənarı Bulvar İdarəsinin rəsmi mövqeyi Milli Park ərazisində bütün media subyektlərinin informasiya əldə etmək və məlumat almaq azadlığının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində bütün zəruri imkanları yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Bu mövqe Milli Parkın xüsusi mühafizə olunan təbiət ərazisi olduğunu, habelə İdarənin əraziyə ümumi rəhbərlik və nəzarət üzrə səlahiyyətlərini nəzərə alaraq, ərazidə aparılan çəkilişlərlə bağlı İdarənin bir dövlət qurumu kimi məlumatlı olmaq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan açıq çağırışların öz səlahiyyətləri daxilində qarşısının alınması hüququna hörmətlə yanaşılması prinsipini də əhatə edir.
“Bir daha qeyd edirik ki, Milli Parka gələn yerli sakinlərin və turistlərin şəxsi məqsədli audiovizual çəkilişləri ilə bağlı İdarə ilə hər hansı bir razılaşdırma nəzərdə tutulmur. Dənizkənarı Milli Park ərazisində kommersiya məqsədli, sosial yönümlü peşəkar audiovizual çəkilişlərin aparılması, habelə reklam çarxlarının çəkilməsi, bəyanat və açıq çağırışların yayımlanması İdarə ilə razılaşdırılmış qaydada həyata keçirilir”, - Dənizkənarı Bulvar İdarəsinin bəyanatında qeyd olunub.