“Lokal antiterror tədbirlərinin həyata keçirilməsi Qarabağda güllə səslərinin birdəfəlik susması üçün çox ciddi addım idi və müzəffər Azərbaycan Ordusu bunu çox böyük peşəkarlıqla həyata keçirdi”.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.
Onun sözlərinə görə, lokal antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağda qanunsuz yerləşdirilən legitim hərbi obyektləri hədəf götürülüb: “Qarabağdakı separatçı qüvvələr onsuz da zaman-zaman böyük problemlər yaradırdı. Antiterror tədbirləri başlamazdan bir gün öncə də 10-a yaxın vətəndaşımız ermənilərin mina qurbanına çevrildilər. Ona görə də Azərbaycan lokal antiterror tədbirləri keçirməyə məcbur oldu. Ancaq antiterror tədbirləri nəticəsində Ermənistandan fərqli olaraq, onların sadəcə legitim hərbi obyektləri hədəfə götürüldü və heç bir mülki əhali arasında itki olmadı. Halbuki istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində Ermənistan tərəfi mülki əhalini və mülki obyektləri hədəfə alırdı. Eyni zamanda Birinci Qarabağ müharibəsində Ermənistan tərəfinin xalqımıza qarşı xüsusi amansızlıqla qətllər törətdiyinin şahidi olmuşuq. Tək Xocalı faciəsində yüzlərlə insanımız, qadınlar, qocalar, körpələr amansızlıqla öldürülüb. İkinci Qarabağ müharibəsində də həmçinin eyni hal yaşandı. Gəncə terroru, Tərtərdə mülki əhalinin hədəfə alınması Ermənistanın qeyri-insani davranışlarının bariz nümunəsidir”.
U.Mirzəyev bildirib ki, Ermənistan heç bir halda terrorçuluq fəaliyyətini dayandırmırdı: “Lokal antiterror tədbirlərinin həyata keçirilməsi isə Qarabağda güllə səslərinin birdəfəlik susması üçün çox ciddi bir addım idi - necə ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuz böyük peşəkarlıqla uğurlu əməliyyatlar həyata keçirmişdi. Düşünürəm ki, lokal antiterror tədbirləri də bunun məntiqli davamı idi. Biz inanırıq ki, bu gün Yevlaxda keçirilən görüşün nəticəsində də məsələ Azərbaycan sərhədləri və ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, biz öz vətəndaşlarımız üçün lazım olan bütün şəraiti yaradacağıq. Yəni Azərbaycanın bütün vətəndaşları bərabərdir, bu vətəndaşlığı qəbul edən insanlarla da birgəyaşayış təmin olunacaq və Qarabağ başdan-başa öz inkişafı, iqtisadi yüksəlişi ilə orada yaşayan hər kəsi məmnun edəcək”.