“Ümid edirəm ki, Nazirlər Kabineti 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması barədə qərar qəbul edəcək”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
Deputat xatırladıb ki, 1991-ci ilin 18 oktyabrında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunması əslində dövlət müstəqilliyinin bərpasıdır: "O vaxt hazırlanma prosesində tələskənlik olduğundan ad düzgün ifadə olunmayıb. Əslində, 30 avqust tarixində biz "Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə" qəbul etmişdik. Yəni Müstəqilliyin Bərpası Günü hələ 1991-ci ildə qəbul olunmuş bəyannamədir.
Ancaq sonradan qanun Dövlət Müstəqilliyi adlansa da, bəyannaməyə istinad olundu. Məzmun da bundan ibarət oldu ki, 1920-ci ildə mövcud olmuş Cümhuriyyətin varisi kimi müstəqilliyi bərpa edirik. Şübhəsiz ki, 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günüdür”.