Dövlət Komissiyasının sədri: "Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz həllini tapmayıb"

Dövlət Komissiyasının sədri: "Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz həllini tapmayıb" Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib
Daxili siyasət
1 İyul , 2016 19:12
Dövlət Komissiyasının sədri: Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz həllini tapmayıb

Bakı. 1 iyul. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası iyulun 1-də növbəti iclasını keçirib.

"Report" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadlarını əks etdirən fotostendlə, eləcə də müxtəlif dillərdə nəşr edilən kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.

İclası giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyev ermənilərin tarixən Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətindən danışıb. Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə bütün sahələrdə xaos və tənəzzülün yaşandığını, vətəndaş müharibəsi təhlükəsinin yarandığını diqqətə çatdıran Mədət Quliyev ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda sabitliyin bərqərar olunduğunu, respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu deyib.

Dövlət Komissiyasının sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu və inamlı strategiya nəticəsində Azərbaycan sürətlə inkişaf edərək dünyada özünə layiqli yer tutub. Bu gün bütün sahələrdə mühüm uğurlar əldə edən Azərbaycanın hərbi qüdrəti artıb və Silahlı Qüvvələrimiz regionun ən güclü ordusuna çevrilib. Sədr Mədət Quliyev aprelin əvvəllərində təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vuraraq, mühüm strateji mövqeləri azad etdiyini bildirib.

Komissiyanın sədri qeyd edib ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz həllini tapmayıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğu, status-kvonun dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkünsüzlüyü diqqətə çatdırılıb.

Sədr Mədət Quliyev bildirib ki, Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun ərazisində Ermənistan hərbçiləri tərəfindən 2014-cü ilin iyulunda girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qeyri-qanuni olaraq azadlıqdan məhrum edilmələri ciddi narahatlıq doğurur. Ölkə rəhbərinin daim diqqətində olan bu məsələ ilə əlaqədar müvafiq beynəlxalq təşkilatlar qarşısında əsaslandırılmış tələblər qaldırılıb. Lakin bu məsələdə də qeyri-insani münasibət nümayiş etdirən Ermənistanın müharibə qurbanlarını daim siyasi təzyiq vasitəsinə çevirmək cəhdləri qəbuledilməzdir.

Cari ilin aprelində Ermənistan hərbi birləşmələrinin silahlı təxribatlarına qarşı qoşunların təmas xəttində aparılan hərbi əməliyyatlar zamanı itkin düşən Azərbaycan hərbçilərinin taleyinin aydınlaşdırılmasına dair Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyasının İşçi qrupunun gücləndirilmiş iş rejimində işlədiyini bildirən Komissiya sədri həmin hadisələrlə əlaqədar Ermənistanın 19 hərbçisinin meyitinin qarşı tərəfə verildiyini, Azərbaycanın şəhid olan 13 hərbçisinin meyitinin alındığını qeyd edib və Komissiyanın daim gözlənilməz hadisələrə hazır olmasının vacibliyini vurğulayıb.

Komissiya sədri Mədət Quliyev deyib: “Ali Baş Komandanın güclü iradəsi və Azərbaycan Respublikasının mövcud potensialı bütün problemləri həll etmək üçün bizə stimul verir. Prezident İlham Əliyev ölkəmizin qüdrətlənməsi və maraqlarının qorunması istiqamətində gələcək strateji hədəfləri müəyyən edib. Bu hədəflərə çevik və hərtərəfli surətdə nail olunmasında Dövlət Komissiyasının üzvlərinin də üzərinə mühüm vəzifələr düşür.

Sonra Komissiyanın sədri iclasın gündəliyini elan edib. Bildirib ki, gündəliyə iki məsələ - itkin düşmüş şəxslərlə bağlı 2016-cı ilin birinci yarımilində görülmüş işlər, həmçinin Dövlət Komissiyasının beynəlxalq əlaqələrinin gücləndirilməsi və toplanmış məlumatların ictimaiyyətin diqqətinə çatdırılması sahəsində həyata keçirilən tədbirlər daxildir.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı 2016-cı ilin birinci yarısında aparılan axtarış-araşdırma və siyahılarda dəqiqləşmə işləri, həmçinin aprel hadisələri ilə bağlı humanitar proseslərin təşkili və icrası sahəsində Dövlət Komissiyasının fəaliyyəti barədə ətraflı məlumat verib. Dövlətimizin başçısı tərəfindən Komissiyanın qarşısına qoyulan vəzifələrin daha səmərəli və məqsədyönlü şəkildə yerinə yetirilməsi üçün Komissiya sədrinin rəhbərliyi ilə fəaliyyət istiqamətlərinin yenidən təhlil edildiyini, çıxarılan nəticələr üzrə təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini bildirib.

İclasda qeyd edilib ki, itkin düşmüş şəxslərə dair məlumatların dəqiqləşdirilməsi tədbirləri, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə birgə mövcud siyahıda fərqin aradan qaldırılması sahəsində işlər davam etdirilib, 213 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb. İ.Axundov bununla yanaşı, araşdırma zamanı 11 nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktının aşkar edildiyini, 2016-cı il iyulun 1-nə olan məlumata görə, 3 803 nəfərin itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alındığını bildirib. O, ötən ilin sonunda BQXK-nın təqdim etdiyi siyahı ilə Dövlət Komissiyasındakı siyahıda fərqin 300 nəfərdən çox olduğunu xatırladıb, hazırda isə bu fərqin 85-dək azaldığını söyləyib.

Diqqətə çatdırılıb ki, Dövlət Komissiyasının BQXK ilə apardığı səmərəli danışıqlar nəticəsində cari ilin iyununda Ermənistan Respublikasının ərazisində saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Ələkbərova Qətibə İbrahim qızı azad olunub. Ümumilikdə 2016-cı il iyulun 1-nə olan məlumata görə, 1436 nəfər əsir və girovluqdan azad edilmiş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır.

Vurğulanıb ki, Dövlət Komissiyası ilə BQXK arasında imzalanmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante-Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərlə bağlı, o cümlədən itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrin toplanması işi davam etdirilib və artıq 2461 donordan nümunə götürülüb.

İ.Axundov hesabat dövründə İşçi qrupu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olan və tanınmadan dəfn edilən şəxslərə aid məzar yerlərinin GPS koordinatlarının çıxarılması işinə də start verildiyini, bütövlükdə 127 naməlum məzar yerinin müəyyən edilərək koordinatlarının təsbit olunduğunu diqqətə çatdırıb.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov ümummilli lider Heydər Əliyevin 2001-ci il 1 mart tarixli Sərəncamına əsasən və ermənilər tərəfindən azərbaycanlılara qarşı tarixən həyata keçirilən cinayət əməllərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hücum diplomatiyası taktikasına uyğun olaraq, Dövlət Komissiyası və İşçi qrupunun bu istiqamətdə fəaliyyətini davam etdirdiyini deyib. Ermənistanın ölkəmizə qarşı təcavüzü və onun fəsadları barədə obyektiv məlumatların çatdırılması məqsədilə müvafiq tədbirlərin keçirildiyini, çoxlu sayda sənədli materialların, kitab və elektron vəsaitlərin yayılmasının təşkil olunduğunu, həmçinin Dövlət Komissiyasının yeni rəsmi internet səhifəsinin istifadəyə verildiyini bildirib.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb, Komissiya üzvlərinin fikir, təklif və tövsiyələri dinlənilib.

Komissiyanın üzvü, baş prokurorun müavini-hərbi prokuror Xanlar Vəliyev ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş bütün cinayətlərin istintaqının 2005-ci ilin mayından etibarən Hərbi Prokurorluğa həvalə olunduğunu qeyd edib. Bildirib ki, həmin vaxtdan etibarən bu sahədə bir neçə istiqamət üzrə iş aparan Hərbi Prokurorluq Dövlət Komissiyası ilə sıx əməkdaşlıq şəraitində işləyir. Hərbi Prokurorluq tərəfindən aparılan istintaq nəticəsində bu günədək onlarla Azərbaycan vətəndaşının işgəncələrə məruz qalaraq qətlə yetirildiyi barədə mühüm faktlar əldə olunub.

Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının, cinayət əməllərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından informasiya mübadiləsinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli milli maraqlarımızın təmin edilməsi və Azərbaycan həqiqətlərinin təbliği işinə müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, elm xadimlərinin də cəlb olunmasının bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Akademik Dövlət Komissiyası tərəfindən nəşr olunan sənədli materialların bu qurumun fəaliyyətinin əhəmiyyətini göstərməklə yanaşı, ölkəmizlə bağlı həqiqətlərin təbliği işində də mühüm rol oynadığını söyləyib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov Komissiyanın və İşçi qrupunun hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirərək BQXK ilə əməkdaşlıqdan danışıb.

Komissiyanın üzvü, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı da çıxışında Dövlət Komissiyasının işinin səmərəli olduğunu qeyd edib, bir sıra təkliflər səsləndirib.

Çıxışlarda Komissiyanın və İşçi qrupunun 2016-cı ilin birinci yarısındakı fəaliyyəti qənaətbəxş hesab edilib.

İclasın sonunda Komissiyanın sədri Mədət Quliyev müharibə qurbanı kateqoriyasına aid edilən əsir-girov və itkinlər probleminin həm Azərbaycan dövlətini, həm də ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələlərdən olduğunu bildirib. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bir nömrəli problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Dövlət Komissiyasının İşçi qrupunun fəaliyyəti nəticəsində üzə çıxarılan həqiqətlərin, ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmdə yayılmasında müvafiq qurumların imkanlarından sistemli şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarını, ölkə rəhbəri tərəfindən Dövlət Komissiyasının qarşısında qoyulan vəzifələrin icrası və müəyyən edilən strateji məsələlərin həlli üçün daha əzmlə çalışacaqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi