Cəlilabadda şaxtalı hava kartof təsərrüfatına ziyan vurub

Cəlilabadda şaxtalı hava kartof təsərrüfatına ziyan vurub Bu il 5400 hektardan çox sahədə kartof əkilib
Daxili siyasət
27 Aprel , 2021 19:45
Cəlilabadda şaxtalı hava kartof təsərrüfatına ziyan vurub

Cəlilabad rayonunda kartofun məhsuldarlığı qismən aşağı düşüb.

"Report"un Muğan bürosunun araşdırmasına görə, buna bir müddət əvvəl rayon ərazisində hökm sürən şaxtalı hava şəraiti səbəb olub.

Belə ki, artıq rayonda istixana şəraitində yetişdirilən kartofun yığımına başlanılıb. Bir neçə gündür ki, kartof yığımı rayonun Maşlıq, Muğan və Söyüdlü kəndlərində aparılır.

Cənub bölgəsində ən böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda əkin sahələrindən yığılan faraş məhsul yerli bazarlarla yanaşı, xarici ölkələrə də ixrac edilir.

Maşlıq kəndindən olan fermer Nemət İslamov "Report"a bildirib ki, bir müddət əvvəl havaların şaxtalı keçməsi məhsuldarlığa qismən də olsa təsir edib. Fermerin sözlərinə görə, ötən mövsümə nisbətən məhsuldarlıq məhz hava şəraiti səbəbindən aşağı düşüb.

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun aparıcı məsləhətçisi Vüsal Əliyev isə "Report"a deyib ki, ötən il rayonda 5300 hektardan çox sahədə kartof əkilib. Onun sözlərinə görə, 140 660 ton məhsul yığılıb və orta hesabla hər hektarda məhsuldarlıq 26 sentner təşkil edib. Bu il isə 5400 hektardan çox sahədə kartof əkilib.

Son xəbərlər

Orphus sistemi