Yuxarı

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Mehriban xanım 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb

Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.

“Report” xəbər verir ki, Mehriban Əliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas olub.

M.Əliyeva 1982-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə nəşr edilən (Azərbaycan, ingilis və rus) "Azərbaycan - İrs" jurnalını təsis edib. Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri titulunu alıb.

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2013-cü ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini seçilib.

M.Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Fəlsəfə elmləri namizədidir. 1 monoqrafiya, 4 kitab və bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir.

2005-ci ildən Milli Məclisin deputatıdır.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkənin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə Azərbaycan xalqının müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan edib.

M.Əliyeva yazıçı Mir Cəlal Paşayevin nəvəsidir.

M.Əliyeva 1983-cü ildə Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi