"Bu fərman məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklərə səbəb olacaq" - RƏYLƏR

"Bu fərman məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklərə səbəb olacaq" - RƏYLƏR Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman tamami ilə müsbət qiymətləndirilir. Həqiqətən də, bu fərman məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklərə apara bilər.
Daxili siyasət
4 Aprel , 2019 16:03

"Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman tamami ilə müsbət qiymətləndirilir. Həqiqətən də, bu fərman məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklərə apara bilər".

Bunu "Report"a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Fərmanı şərh edən tanınmış vəkil bildirib ki, sənədə əsasən, məhkəmə iclaslarının audioyazıları aparılacaq: "Hesab edirəm ki, bu, fərmanın ən müsbət cəhətlərindən biridir. Hazırda biz vəkillər və vətəndaşlar üçün də ən böyük problem odur ki, məhkəmədə nə baş verir-versin, hakim protokolu bir çox hallarda öz bildiyi kimi yazır. Orada deyilənləri öz çıxaracağı qərara uyğunlaşdırır, necə sərf edirsə, elə də qeyd edir. Bundan sonra audioyazılar olacaq və məhkəmələr də protokolları audioyazılara uyğun olaraq yazacaqlar. Bu xususi ilə də cinayət işlərində çox vacibdir. Çünki orada deyilənlərin böyük əhəmiyyəti var".

O qeyd edib ki, məhkəmə qərarlarının dərc olunması da çox vacib məsələlərdən biridir: "Məhkəmə qərarları dərc olunmalıdır ki, hamı tanış olsun. Prezident imzaladığı Fərmanda tapşırıb ki, vahid elektron məhkəmə sistemində, orada da axtarış sistemi olsun. Eyni zamanda Ali Məhkəməyə tapşırılıb ki, ümumiləşdirmə aparsın".

Ə.Həsənovun sözlərin görə, bu fərman məhkəmələrdə korrupsiyanın qarşısını alacaq: "Rüşvət hallarının qarşısı alınacaq. Həmçin fərmanda nəzərdə tutulub ki, məhkəmə hakimlərinin, işçilərinin və məhkəmələrin maddi təminatı artırılsın və bu da çox vacibdir. Həm də birinci instansiya məhkəmələrinin xərcləri birbaşa bank hesablarına köçürüləcək. Bu da məhkəmə hakimlərinin məhkəmə sədrlərindən asılılığını azaldacaq".

O, fərmanın dövlət hesabına vəkil olan şəxslər üçün faydalı olacağını da söyləyib: "Vəkillər dövlət hesabına vətəndaşları müdafiə edəndə, dövlət hər saata görə vəkilə 6 manat verməlidir, lakin vəkillər həmin pulları bir qayda olaraq ala bilmirlər, ya da pulun alınması çox vaxt aparır, yəni süründürməçilik olur. Çünki bu səlahiyyət yerli icra hakimiyyətlərinin əlindədir. Dünənki fərmanla bu səlahiyyət Vəkillər Kollegiyasına veriləcək. Dövlət tərəfindən pullar birbaşa Vəkillər Kollegiyasına köçürüləcək".

O hesab edir ki, ixtisaslaşdırlmış məhkəmələrin olması yaxşı olardı: "Hazırda məhkəmələrdə əsas problem odur ki, hakimlərin arasında ixtisaslaşma yoxdur. Bir hakim, bir vəkil, bir hüquqşünas bütün məsələləri bilə bilməz. Buna görə də ixtisaslaşdırma mütləq vacibdir. Tutaq ki, mənə bəzi işlərlə bağlı tez-tez vətəndaşlar müraciət edir. Lakin həmin sahəni mükəmməl bilmədiyim üçün başqa vəkillərə yönləndirirəm. Hakim isə bu sözü deyə bilmir. İş gəlir və məcbur olur ki, ona baxsın".

Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova isə Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addım, Azərbaycan ədalət mühakiməsinə verilən töhfə, Azərbaycan vəkilliyinin tarixində silinməz iz qoyacaq və ən ali yüksəlişə aparacaq islahat kimi qiymətləndirib.

Onun sözlərinə görə, fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi məhkəməyə müraciət imkanlarını daha da genişləndirəcək, məhkəmələrin fəaliyyətində şəffaflığı artıracaq, məhkəmə icraatının effektivliyini yüksəldəcək, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunacaq, süründürməçilik və digər neqativ hallar aradan qaldırılacaq: "Hakimlər öz fəaliyyətilərində ədalət mühakiməsinin ölkəmizin ali qanununda təsbit olunmuş ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və digər prinsiplərinə fərmanın ciddi tələblərinin təsiri altında dönmədən əməl edəcəklər".

İ.Həsənova deyib ki, fərmanda nəzərdə tutulan tədbirlər ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiə olunması, onlara keyfiyyətli hüquqi yardımın göstərilməsi yolunda vəkillərin qarşılaşdıqları çətinlikləri aradan qaldıracaq: "Belə ki, hüquqi məsələlərə yanaşmanın vahid məhkəmə təcrübəsinin formalaşması məhkəmələrdə işlərə vahid, dolğun formalaşmış təcrübə əsasında baxılmasını təmin edəcək, ədalət mühakiməsi heç bir halda hakimlərin subyektiv yanaşmasından asılı olmayacaq, hakimlərin "məsələləri daxili inamı üzrə qiymətləndirmək" imkanından sui-istifadə halları aradan qalxacaq. Məhkəmələrin və hakimlərin fəaliyyətinə müdaxilə tam olaraq aradan qalxacaq, bu isə məhkəmə qəralarının tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə uyğun olaraq əldə edilmiş sübutların qiymətləndirilməsi və hüquq normalarına uyğun əsaslı, qanuni və ədalətli şəkildə qəbul olunması, vəkillərin göstərdiyi keyfiyyətli hüquqi yardımın real bəhrəsi ilə nəticələnəcək".

Son xəbərlər

Orphus sistemi