Böyük Quruluş Partiyasının (BQP) 2021-ci ildə gəliri xərcini 11 min manat üstələyib.
“Report” bu barədə Partiyanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 2 dəfə çoxdur.
Ötən il BQP-yə dövlət büdcəsindən əvvəlki illə müqayisədə 3,8% az – 206 min manat vəsait ayrılıb. Partiyanın xərci isə 6,5% az – 196 min manat təşkil edib.
Bu il yanvarın 1-nə BQP-nin aktivləri, həm də balans kapitalı 16 min manat təşkil edib ki, bu da ötən il yanvarın 1-nə nisbətən 2,5 dəfə çoxdur. Partiyanın öhdəlikləri yoxdur.
Xatırladaq ki, BQP 26 sentyabr 2003-cü ildə yaradılıb, 2005-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun sədri Milli Məclisin üzvü Fazil Mustafadır.