Müsavatdan çıxarılan bir qrup narazı şəxs partiyanı məhkəməyə verib

Müsavatdan çıxarılan bir qrup narazı şəxs partiyanı məhkəməyə verib Nəticələrin ləğv olunması, yenidən qurultay çağırılması tələb edilib
Daxili siyasət
11 Noyabr , 2015 13:14
Müsavatdan çıxarılan bir qrup narazı şəxs partiyanı məhkəməyə verib

Bakı. 11 noyabr. REPORT.AZ/ Müsavatdan xaric edilən bir qrup narazı şəxs partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Bu barədə "Report"a partiyanın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli məlumat verib.

O bildirib ki, məhkəməyə təqdim olunan ərizədə partiyanın sonuncu qurultayında pozuntular olması əsas gətirilərək nəticələrin ləğv olunması, yenidən qurultay çağırılması tələb edilib.

İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın keçmiş üzvü Əlövsət Sadıqlı, Müsavatın Surxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıblar. Müsavatın rəhbərliyindən narazı olan şəxslər partiyadan xaric edilib, hazırda isə partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunurlar.

Qeyd edək ki, bundan əvvəl Müsavatdan Partiyanın sonuncu qurultayının nəticələrini ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik isə müraciətə baxmaqdan imtina edib, məsələnin məhkəmə predmeti olduğunu bildirib

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə "Ağ blok" yaratdığını elan edib.

Son xəbərlər

Orphus sistemi