Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı olub 

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı olub  Biləsuvar rayonunda Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Daxili siyasət
13 Noyabr , 2021 14:09
Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı olub 

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Sahil Məmişlinin, Nicat Qasımzadənin və Elnur Əzizlinin xatirəsi ehtiramla anılıb.

Şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidlərin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

Daha sonra qəhrəman şəhidlərimizin yaşadıqları evə vurulan xatirə lövhələrinin açılışı olub.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Məmişli Sahil Ağaverdi oğlu - 21 avqust 1991-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri Sahil Məmişli 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak etmiş, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 11 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Sahil Məmişli 12 noyabr 2020-ci il tarixində doğulduğu Çaylı kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Sahil Məmişli ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Vətən Müharibəsi şəhidi Qasımzadə Nicat Höccət oğlu - 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-ci ildə şəhid Ənvər Rəhmətov adına kənd tam orta məktəbində təhsil almağa başlayıb . 2018-ci ildə təhsilini başa vurub. Nicat Qasımzadə 2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə başlayıb. İlk 3 ay Goranboy rayonunda xidmət edib. Daha sonra Ağdama yollanaraq 3 ay artilleriya qoşunlarında xidmətini davam edir. Nicat Qasımzadəyə hərbi xidməti dövründə pulemyotçu vəzifəsi verilir, daha sonra manqa komandiri olur. Xidmətinin axırıncı 2 ayını isə kiçik çavuş rütbəsi ilə başa vurur və 6 iyul 2020-ci il tarixində tərxis olunur.

Nicat, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırıldı. O, müharibə dövründə Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş və düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçə yaralı dostunu xilas etmişdir. 10 noyabrda ürəyindən aldığı qəlpə yarası nəticəsində qəhrəmancasına şəhid olub. Şəhid Nicat Qasımzadə 12 noyabr 2020-ci il tarixində doğulduğu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü"medalları medalı ilə təltif edilib.

Vətən Müharibəsi şəhidi Əzizli Elnur Şahin oğlu - 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda","İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi