Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub, Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə konfrans keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, konfransda RİH-in başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-in Aparatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan parkdakı abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” filmi nümayiş olunub.
Konfransda Biləsuvar RİH-in başçısı Faiq Qürbətov geniş məruzə ilə çıxış edib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı təşkil ediləcək və konsert atəşfəşanlıqla yekunlaşacaq.


