İcra başçısı: "Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də cəzalarını alıblar"

İcra başçısı: "Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də cəzalarını alıblar" "Neqativ hallara yol verənlərə qarşı kimliyindən asılı olmayaraq ciddi tədbirlər görüləcək"
Daxili siyasət
20 Oktyabr , 2015 15:37
İcra başçısı: Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də cəzalarını alıblar

Bakı. 20 oktyabr. REPORT.AZ/ Səbail rayonunda bu ilin 9 ayının yekunları müzakirə olunub. Bu barədə "Report"a Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorundan məlumat verilib.

Məlumata görə, yığıncaqda çıxış edənlər Azərbaycan Prezidentinin ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi tərbirlərin görülməsi hallarına toxunaraq ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qaldırılması ilə bağlı görülən işləri fəal surətdə dəstəkləyiblər. Qeyd olunub ki, son günlərdə milli təhlükəsizlik nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması və bəzilərinin həbsi onu göstərdi ki, ölkədə heç kim məsuliyyətdən və tənqiddən kənarda qala bilməz. Yaranan vəziyyət onu göstərir ki, Prezidentin neqativ hallara qarşı çox ciddi mübarizə aparır.

Zala toplaşanlara müraciət edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün əsas prinsiplər "…cənab Prezidentə sadiq olmaq və qudurmamaq" olmalıdır: "Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də cəzalarını alıblar". Natiq qeyd edib ki, ədəbi dildə "Qudurmaq" sözünü insanlara şamil etmək olmasa da, bu harınlaşmış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcək.

Həmçinin, cavabdeh şəxslərin məsuliyyət məsələsinə toxunan icra başçısı onlara daha məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmağı, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar verib. Bildirib ki, neqativ hallara yol verənlərə qarşı isə kimliyindən asılı olmayaraq ciddi tədbirlər görüləcək.

Toplantıda Eldar Əzizov rayonda həyata keçirilən sosial layihələr, əldə olunan uğurlarla yanaşı, 20-ci yaşayış sahəsinin gələcək inkişaf planları, burada yaradılacaq yeni infrastruktur layihələri və bu istiqamətlə Prezidentin tapşırıq və tövsiyələri barədə məlumat verib.

İclasda əldə olunan nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayonun gələcək inkişaf perspektivləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi