Beynəlxalq müşahidəçi: "Bu referendum ölkənin siyasi stabilliyinin yeni zəmanəti idi"

Beynəlxalq müşahidəçi: "Bu referendum ölkənin siyasi stabilliyinin yeni zəmanəti idi" William Racimora: "Konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək"
Daxili siyasət
27 Sentyabr , 2016 10:59
Beynəlxalq müşahidəçi: Bu referendum ölkənin siyasi stabilliyinin yeni zəmanəti idi

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsinə dair keçirilmiş referendum ölkənin siyasi sabitliyinin yeni zəmanətidir".

"Report" xəbər verir ki, bunu Beynəlxalq QHT-lərdən ibarət müşahidə qrupunun üzvü - Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəhbərinin müavini William Racimora bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, missiya 49 səsvermə məntəqəsində müşahidə aparıb və 5 məntəqədə səslərin sayılmasını izləyib: "Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik, səslərin sayılması prosesində qanun pozuntularının şahidi olmadıq,bu isə prosesin Azərbaycan vətəndaşlarının gözləntilərinə cavab verdiyinin aydın göstəricisidir. Biz eyni zamanda Konstitusiya referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik".

William Racimora bildirib ki, Azərbaycan vətəndaşlarının səsverməsinə təqdim edilmiş Konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək: "Belə ki, bu düzəlişlər hər hansı hakimiyyət boşluğunun qarşısını alaraq, ölkə institutlarının sabitliyini təmin edəcək. Türkiyədə baş vermiş son hadisələri nəzərə alsaq, bu, həyati əhəmiyyət kəsb edən məsələdir. Beləliklə, biz Konstitusiya referendumunun nəticələrini olduqca diqqət mərkəzində saxlayırıq. Avropa İttifaqının tərəfdaş dövlətində siyasi sabitlik və vətəndaşların azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir". 

O, sonda əməkdaşlığa görə İnsanlar Arasında Əməkdaşlığın Yenilənməsi Alyansına (Belçika) təşəkkür edib.

Qeyd edək ki Beynəlxalq QHT-lər qrupunun üzvlərindən ibarət müşahidə qrupunda Polis üzrə Araşdırma Mərkəzinin nümayəndəsi Bourdoux Gilis (Belçika) də təmsil olunub. 

Son xəbərlər

Orphus sistemi