​Bərdə rayonunda bir sıra obyektlərin açılışı olub

​Bərdə rayonunda bir sıra obyektlərin açılışı olub Açılış mərasimləri İlham ƏLiyevin səfəri çərçivəsində baş tutub
Daxili siyasət
13 Mart , 2015 00:23
​Bərdə rayonunda bir sıra obyektlərin açılışı olub

Bakı. 13 mart. REPORT.AZ/ Martın 12-də Azərbaycan prezidenti İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı ilk olaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışını edib.

Prezident İlham Əliyevə məlumat verildi ki, ¬¬¬Bərdə regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında başlanılıb və bu ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər nəzərə alınıb.

Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də daxildə olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.

Prezident İlham Əliyev İnnovasiyalar zalında yeni layihələrlə tanış oldu.

Bildirildi ki, sorğu robotu - ASAN robot “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların istiqamətləndirilməsi və məlumatlandırılmasına xidmət edir. Belə ki, robot “Çağrı” mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir.

“ASAN xidmət” mərkəzində “ASAN İnteraktiv Bələdçi” Azərbaycana gələcək turistlərin ölkəmizə dair məlumatları heç bir fərdi bələdçiyə ehtiyac duymadan, birbaşa öz smartfonları vasitəsilə əldə etmələrinə imkan verən mobil yenilikdir. Proqramı öz telefonlarına konfiqurasiya edən turistlər üzərində xüsusi Artex markeri olan obyektlərə dair məlumatları interaktiv və əyləncəli formada öyrənə biləcəklər. Proqram təminatının digər bir xüsusiyyəti də turistlərin konkret və darıxdırıcı proqrama tabe olmağa məcbur edilməməsidir. Bu da onların gəzinti vaxtı rahatlığına və maraqlandıqları obyektlərlə yaxından tanış ola bilmələrinə imkan verəcək. Proqramın təqdim olunan hissəsi üç bölmədən ibarətdir və hər bir bölmə Artex markeri yerləşdirilmiş fərqli posterlər üzərindən işləyir. Bölmələrdən biri iyun ayında “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionunun nümayişindən ibarətdir. Bu bölmədə Olimpiya Stadionuna dair məlumatlar görüntülü formada yerləşdirilib. Proqramın ikinci hissəsi Bərdə “ASAN xidmət”inin açılışına həsr olunub. Üçüncü bölmə isə Bərdə şəhərində yeni inşa edilən və Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Parkı haqqındadır. Burada parka dair məlumatlandırıcı videoçarx yerləşdirilib.

Buradakı “ASAN kadr” karyera mərkəzi “ASAN Məktəb” könüllülük proqramını bitirmiş gənclərə işə qəbul prosesində dəstək olmaq üçün yaradılmış elektron portaldır. www.asankadr.az portalı vasitəsilə işaxtaranlar və işəgötürənlər üçün məlumat bazası yaradılır. Belə ki, həm könüllülük proqramını bitirmiş gənclər öz tərcümeyi-hallarını portalda yerləşdirir, həm də işəgötürənlər burada vakant yerlər barədə elanlar verə bilirlər. Portalın axtarış sistemi hər iki tərəfin öz tələbatına uyğun iş yeri və ya kadrla təmin olunmasına şərait yaradır.

Məlumat verildi ki, Elektron Lisenziya üzrə Mərkəzləşdirilmiş İdarəetmə Sistemi lisenziyaların verilməsi prosesində sui-istifadə hallarını aradan qaldıran və şəffaflığı təmin edən elektron informasiya sistemidir. Sistem vasitəsilə 115 adda müxtəlif növ lisenziyanın elektron qaydada təqdim edilməsi həyata keçiriləcək. Sistemdən istifadə etməklə sahibkarlıq subyekti dövlət orqanlarına getmədən lisenziya ala biləcək. Uyğun baza və sistemlərin yaradılması və təkmilləşdirilməsi lisenziya alınması prosesinin daha şəffaf təşkili və sadələşdirilməsinə, yekun sənədin elektron şəkildə təqdim edilməsinə səbəb olacaq.

Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də yaradılıb.

***

Prezident İlham Əliyev səfər çərçivəsində Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.

Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir.

***

Daha sonra dövlət başçısı 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Bildirildi ki, məktəbin tikintisinə 2014-cü ilin əvvəlində başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin mart ayında başa çatdırılıb.

İncəsənət Məktəbi üçmərtəbəlidir. Məktəb Bərdədə uşaqların musiqinin sirlərinə mükəmməl səviyyədə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub.

Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, məktəbin 32 sinif otağı və digər yardımçı otaqları var. Burada xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər, rəsm və rəqs şöbələri fəaliyyət göstərəcək, bir neçə ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçiləcək. İncəsənət məktəbi həm də regionda mədəni həyatın canlanması, yeni istedadların üzə çıxarılması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır. Məktəbin akt zalında rayon və respublika səviyyəli konsertlərin, musiqi müsabiqələrinin keçirilməsi mümkündür.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə Azərbaycan mədəniyyəti dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da müşahidə olunan inkişaf gənc nəslin mənəvi zənginləşməsinə geniş imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Bərdədə istifadəyə verilən 1 nömrəli Uşaq İncəsənət Məktəbi də məhz bu məqsədə xidmət edir. Bu gün Bərdə rayonunda təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyümələri də daim diqqət mərkəzindədir. Bu baxımdan Bərdə Şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbi üçün yeni binanın tikilib istifadəyə verilməsi xüsusi önəm daşıyır. Məktəbin ərazisində yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Bildirildi ki, məktəbin tikintisinə 2014-cü ilin əvvəlində başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin mart ayında başa çatdırılıb.

İncəsənət Məktəbi üçmərtəbəlidir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Bərdə rayonuna səfərlərini əks etdirən fotostendlər var. Məktəb Bərdədə uşaqların musiqinin sirlərinə mükəmməl səviyyədə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub.

Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, məktəbin 32 sinif otağı və digər yardımçı otaqları var. Burada xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər, rəsm və rəqs şöbələri fəaliyyət göstərəcək, bir neçə ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçiləcək. İncəsənət məktəbi həm də regionda mədəni həyatın canlanması, yeni istedadların üzə çıxarılması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır. Məktəbin akt zalında rayon və respublika səviyyəli konsertlərin, musiqi müsabiqələrinin keçirilməsi mümkündür.

***

Prezident, həmçinin Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib.

Bildirildi ki, dövlətimizin başçısının 2014-cü il 14 avqust tarixli Sərəncamı ilə bu yolun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə 5,8 milyon manat vəsait ayrılmışdı. Hazırda 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 15,5 kilometr uzunluğunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

Burada dövlətimizin başçısına əsaslı təmiri başa çatmış Alpoud-Mustafaağalı-Nazırlı-Qaratəpə avtomobil yolunun göstəriciləri barədə də məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən bu yolun çəkilməsinə dövlət büdcəsindən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılıb. Yolun tikintisi nəzərdə tutulan müddətdə və müasir tələblərə uyğun olaraq başa çatdırılıb. Yeni yolun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpoud və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi 3 dəfə azalıb.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq ölkənin bütün regionları kimi Bərdədə də kəndarası yolların yenidən qurulması prosesi davam etdirilir.

***

İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq sahibkarlara verilən güzəştli kreditlərin həcmi ildən-ilə artır. Bu kreditlərdən Bərdə rayon sahibkarları da kifayət qədər faydalanırlar. İndiyədək rayonun 2 mindən çox sahibkarına 70 milyon manatadək güzəştli kredit verilib və bu kreditlər hesabına 4300-dək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri də Qarabağ Aqrar Sənaye Parkıdır.

Dövlətimizin başçısının rayona səfəri ərəfəsində istifadəyə verilmiş Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olan Aqrar Sənaye Parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib.

Logistik mərkəzdə güzəştli kreditlər almış fermerlər tərəfindən istehsal olunan ət və tərəvəz məhsulları yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir. Ən son texnologiyalarla təchiz olunmuş ət kəsimi və emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün proseslər gigiyenik normalar tam gözlənilməklə aparılır. Heyvandarlıq komplekslərində kənd təsərrüfatı avadanlıqları istehsalında dünyanın aparıcı şirkətlərinin müasir avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma sistemləri və digər ferma avadanlıqları quraşdırılıb. “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan ətlik-südlük inəklər bəslənilir. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşıb. Hələlik gündəlik 32 ton yüksək keyfiyyətli süd istehsal olunur və emal müəssisələrinə təhvil verilir. İlin sonunadək heyvanların sayı artırılacaq və süd istehsalı 60 tona çatdırılacaq. Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Belə komplekslərin yaradılması idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Güzəştli kreditlərdən yararlanmaqla Bərdədə yaradılmış digər heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Ümumi dəyəri 4,2 milyon manat olan kompleks sağmal inəklər üçün fermalar, sağımxana, yem anbarı sahələrindən ibarətdir. Bu layihənin də həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş kompleksdə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq Avropadan 325 baş cins inək gətirilib. Layihənin icrası nəticəsində 50 nəfər yeni iş yeri ilə təmin olunub.

Son xəbərlər

Orphus sistemi