Bakı. 23 dekabr. REPORT.AZ/ "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı "exit-poll" tədqiqatının nəticələrini açıqlayıb. Mərkəzin rəhbəri İradə Yaqubova "Report"a açıqlamasında nəticələr barədə məlumat verərək deyib ki, tədqiqat ölkə ərazisinin 400 seçki məntəqəsində baş tutub.
Onun sözlərinə görə, 400 məntəqə 285 bələdiyyəni, 64 seçki dairəsini və 52 rayonun ərazisini əhatə edib: "Gün ərzində seçki fəallığı 38,30 faiz olub. Namizədlərin səciyyələndirilməsinə gəlincə, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən namizədlərə verilən səslərin nisbi sayı 67,90 faiz, digər siyasi partiyalar 5,47 faiz, eləcə də yerdə qalan digər namizədlərə verilən səslərin nisbi sayı isə 26,63 faiz olub".
Qeyd edək ki, Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərinə səsvermə prosesi 19.00-da başa çatıb. 118 dairədə keçirilən bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bələdiyyə üzvlüyünə 37 077 namizəd qeydiyyatdan keçib. Seçkidə 8 siyasi partiya iştirak edib, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada seçkiyə qatılıblar. Seçkiləri izləmək üçün isə 55 551 yerli müşahidəçi qeydə alınıb.