Yuxarı

"Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında" qanun layihəsi ilk oxunuşda qəbul olunub

KİV-də haqqında etik davranışlara zidd məlumat gedən bələdiyyə qulluqçusu dərhal məsuliyyətə cəlb ediləcək

Bakı. 13 fevral. REPORT.AZ/ Milli Məclisdə "Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənləri pozulmasına görə məsuliyyəti də nəzərdə tutur.

Layihəyə əsasən, bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

Qanun layihəsində qeyd olunur ki, bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Bundan başqa, bələdiyyə qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və ya səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağan olunur. 

Qanun layihəsində vurğulanır ki, bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

Layihədə o da bildirilir ki, Azərbaycanda kütləvi informasiya vasitələrində barəsində etik davranışları qaydalarına zidd və maraqların toqquşması ilə bağlı məlumat gedən bələdiyyə qulluqçusu dərhal məsuliyyətə cəlb olunacaq. 

Qanun layihəsi müzakirələrdən sonra ilk oxunuşda qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi