Azərbaycanda bələdiyyə qulluqçularına yeni qadağalar tətbiq ediləcək

Azərbaycanda bələdiyyə qulluqçularına yeni qadağalar tətbiq ediləcək "Bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti ictimai şübhə doğurmamalıdır"
Daxili siyasət
5 Fevral , 2015 13:47
Azərbaycanda bələdiyyə qulluqçularına yeni qadağalar tətbiq ediləcək

Bakı. 5 fevral. REPORT.AZ/ Bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. “Report”un məlumatına görə, bu barədə Milli Məclisin Regional Məsələlər Komitəsində müzakirəyə çıxarılan “Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında” qanun layihəsinin 16-cı maddəsində deyilir.

Qanun layihəsində qeyd olunur ki, bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Bundan başqa, bələdiyyə qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və ya səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağan olunur.

Qanun layihəsində vurğulanır ki, bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır. 

Son xəbərlər

Orphus sistemi