Yuxarı

Eldar Əzizov: "Bayıl və 20-ci yaşayış sahəsindəki sahibkarlıq obyektləri ərazidə uyğunsuzluq yaradır"

Səbail Rayon İcra Hakimiyyətinin başçısı bir qrup sahibkarla görüşüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl və 20-ci yaşayış sahəsində fəaliyyət göstərən bir qrup sahibkarla görüşüb. İcra Hakimiyyətindən "Report"a verilən xəbərə görə, icra başçısı ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlanıb. 

Eldar Əzizov bu görüşün əsas məqsədinin neqativ halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini deyib: "Rayon əhalisinin sıx məskunlaşdığı Bayıl və 20-ci yaşayış sahəsi ərazisində fəaliyyət göstərən iş adamları və sahibkarlar zamanın tələbinə uyğun işləməlidir. Burada yeni iş yerlərinin açılması isə sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq". 

İcra başçısı həmçinin gələcəkdə bu ərazilərdə yeni infrastruktur layihələri barədə məlumat verib, sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işləri aparılmasını tövsiyə edib: "Bu ərazilərdəki sahibkarlıq obyektləri şəhərin mərkəz hissəsindəki obyektlərdən öz görünüşü, dizaynı ilə kəskin fərqlənir, müasirlikdən çox geridə qalır və artıq yeniləşən, gözəlləşən ərazidə uyğunsuzluq yaradır. İcra Hakimiyyəti tərəfindən sahibkarlara obyektlərin müasir səviyyədə yenidən qurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirilmə işlərində sahibkarlara hüquqi qaydada bütün lazımi köməklər göstəriləcək".

Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan bəzi problemlər yerində həll olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi