Baş Prokurorluqda Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Baş Prokurorluqda Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilib Konfrans “Müstəqillik dövründə Azərbaycan Prokurorluğunun inkişafı” mövzusunda olub
Daxili siyasət
18 Noyabr , 2016 18:10
Baş Prokurorluqda Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Baş Prokurorluqda bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Müstəqillik dövründə Azərbaycan Prokurorluğunun inkişafı” mövzusunda konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında” imzaladığı 11 oktyabr 2016-cı il tarixli Sərəncamın icrası məqsədilə Baş Prokurorluq üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun təşkil olunmuş tədbirdə Prezident Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Baş prokurorun müavini Namiq Əsgərov dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib və müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu qeyd edib. Bildirilib ki, 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsi aradan qalxıb, ümummilli liderimizin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü gərgin və ardıcıl işlər görülüb. Azərbaycan Respublikasının müstəqil, demokratik, hüquqi, dünyəvi, qanunun aliliyinə və vətəndaş cəmiyyətinə əsaslanan dövlətə çevrilməsi məqsədilə milli dövlət quruculuğu prosesinin həyata keçirilməsi üçün zəruri işlər görülüb, ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatlara başlanılıb.

Xüsusi vurğulanıb ki, ötən illər ərzində, o cümlədən 2000-ci il aprelin 26-da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda keçirilən müşavirədən sonra həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində prokurorluğun səmərəli fəaliyyəti üçün qanunvericilik və normativ hüquqi baza yaradılıb. Prokurorluğun strukturunun təkmilləşdirilməsi, fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi, vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, kadr korpusunun formalaşdırılmasında beynəlxalq standartlara uyğun yeni prosedurlardan geniş istifadə olunması, işə qəbulun müsabiqə yolu ilə və şəffaflıq əsasında həyata keçirilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili, istintaq işinin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin dairəsinin genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ölkələrinin prokurorluqları ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, işdə mövcud olmuş neqativ təzahür və çatışmazlıqların aradan qaldırılması təmin edilmiş, prokurorluq orqanlarının ittiham mövqeyində dayanan təsisatdan əsas məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsi olan orqana çevrilib.

Baş prokurorun müavini müstəqillik illərində prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011- ci illər üçün Dövlət Proqramı”nın xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Bildirilib ki, Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaradılıb.

Tədbirdə Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov, Müraciətlərə baxılması idarəsinin rəis müavini Aynur Osmanova, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilari və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev çıxış edərək müstəqillik illərində prokurorluq orqanlarında həyata keçirilmiş tədbirlər, prokurorluğun fəaliyyətinin konkret sahələri üzrə məlumatlar veriblər.

Konfransda Baş Prokurorluğun nəfis şəkildə hazırladığı “Müstəqil dövlətin müasir prokurorluğu” adlı kitabın təqdimatı olub, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov özündə prokurorluq orqanlarının fəaliyyətinin bütün istiqamətlərinə və sahələrinə dair geniş informasiyaları əks etdirən kitab barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək ölkəmizin dövlət müstəqilliyi illərində əldə etdiyi nailiyyətlərdən, o cümlədən bu illər ərzində prokurorluq orqanlarında həyata keçirilən islahatlardan danışıblar.

Son xəbərlər

Orphus sistemi